Bu gün Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax, Bərdə, Ağdam, Ağdaş, Şəmkir və Göygöl rayonundan  olan vətəndaşları qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, qəbuldan əvvəl nazir və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Həmin gün Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri Rauf Hacıyev Ağdaş rayonundan, Firdovsi Əliyev isə Naftalan şəhər və Goranboy rayonundan  olan vətəndaşlarla görüşüb.

Qəbullar zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi, geologiya və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.