Salyan rayonunda “Respublikada payızlıq taxıl əkinlərinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrin yerinə yetirilməsi” mövzusunda regional müşavirə keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Salyan, Neftçala, Cəlilabad, Saatlı, Sabirabad, Masallı, Hacıqabul, Kurdəmir, İmişli və Biləsuvar rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və mütəxəsisləri iştirak edib. 

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev bildirib ki, ölkə əhalisinin taxıl məhsulları ilə etibarlı təminatı aqrar sektorda dövlət siyasətinin əsasını təşkil edir. Bu səbəbdən taxıl istehsalının artırılmasında digər aqrotexniki tədbirlərlə yanaşı, payızlıq dənli bitkilərin səpininin bölgələr üçün müəyyən edilmiş optimal müddətlərdə başa çatdırılması mühüm əhəmiyyət kəsb edir.

Aqrar Xidmətlər Agentliyinin sədr müavini Yaqub Cəfərov əkin sahələrinin fitosanitar vəziyyəti və qarşıda duran işlərin yerinə yeririlməsi üçün planlaşdırılan tədbirlər barədə məlumat verib, rayon DAİM-lərinin rəhbərləri və mütəxəssisləri taxıl əkinlərində görülmüş işlər, problemlər və onlardan çıxış yolları haqqında fikirlərini bildiriblər. 
Tədbirdə qısa müddətdə taxıl sahələrinin suvarılmasının intensivləşdirilməsi məqsədilə təsirli tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub və nəticəsi barədə Nazirliyə müntəzəm məlumatların təqdim olunması qərara alınıb. 

Tədbirin sonunda Salyan rayonununun bir neçə kəndində müxtəlif vaxtlarda əkilmiş taxıl sahələrinə baxış keçirilib, müvafiq məsləhətlər verilib.