"Bildiyimiz kimi, artıq iki gündür Moskva şəhərində baş tutan danışıqlardan sonra humanitar atəşkəs elan olunub. Atəşkəs iki gün öncə saat 12-dən etibarən təmin olunmalı idi. Buna baxmayaraq həmin vaxtdan etibarən Ermənistan tərəfi daha şiddətli döyüşlərə başlayıb"

Bunu Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. O bildirib ki, düşmən əsasən mülki insanları və obyektləri hədəf alır:

"Atəş açılan yerlərdən biri də Gəncə şəhəri idi. Əlbəttə ki, bu, Ermənistanın məğlub olduğu üçün atdığı addımdır. Biz bilirik, Azərbaycan Ordusu irəliləməyə davam edirdi. Ali Baş Komandan İlham Əliyevin verdiyi tapşırıqlar yüksək peşəkarlıqla həyata keçirilirdi. Düşmən tərəfi mülki əhaliyə atəş açmaqla Azərbaycan xalqının vətənpərvərlik hissini sındıracağını hesab edirdi.

Əksinə, onlar gördülər ki, bu, tamamilə əks-effekt verir. Mülki əhaliyə atılan hər bir mərmi əhalimizi Ali Baş komandanın ətrafında daha çox birləşdirir. Əlbəttə ki, bunun başqa səbəbləri də var. Onlar bununla Azərbaycan xalqına qarşı ikinci soyqırımı keçirmək niyyətindədirlər. 

Ermənilər elə zənn edirdilər ki, biz yalnız 7 rayon uğrunda vuruşuruq. Əlbəttə ki, onlar bu dəfə də yanıldılar. Düşmən Hadrut kimi strateji bir mövqenin işğaldan azad edilməsini hələ də həzm edə bilmir. Çox təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri hələ ki, bu məsələyə münasibət bildirməyiblər. Dünya ictimaiyyəti artıq Ermənistanın hərbi-siyasi rəhbərliyinin terrorist qruplaşmadan ibarət olduğunu qəbul edir və onları qınayır.

Eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin də Ermənistana ciddi təzyiqlər etməsini gözləyirik. Ümid edirik ki, onlar öz bəyanatları ilə Ermənistanı qınayaraq mülki əhalini atəşə tutmaqdan əl çəkdirəcəklər. Bu, bizim arzumuz və gözləntilərimizdir. Ermənistan artıq Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyəcəyini bilir. Ona görə də onlar saxta yollarla silah-sursat alırlar. Bu isə onlar üçün yetərli olmayacaq, çünki xalqımız Ali Baş Komandanımızın ətrafında birləşib.

Rəşadətli Ordumuz da irəliləməyə davam edəcək. Humanitar atəşkəsin təmin olunması üçün Erməni əsgərlərinin meyitlərini yığan nəqliyyat vasitələrimiz də düşmən tərəfindən atəşə tutulub. Nəticədə bir əsgərimiz ağır yaralanıb. İstənilən halda, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və düşmən tərəfinin hücumlarının qarşısı alınır. Hələ ki, hücumları dayandırmışıq və bununla Azərbaycan bir daha beynəlxalq öhdəliklərə sadiq qalır, amma Ermənistan terrorçu dövlət olduğu üçün hələ də məkrli siyasətini həyata keçirməyə çalışır".

Murad İbrahimli