Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova şəhid ailələri ilə görüşüb.

Unikal.org xəbər verir ki, RİH rəhbəri əvvəlcə Xırdalan şəhərində əsaslı şəkildə yenidən qurulan Şəhidlər Abidəsinə baş çəkib. Burada həyata keçirilən təmir-tikinti işləri ilə maraqlanan başçıya bildirilib ki, abidənin ərazisi genişləndirilib, beton-bərkitmə işləri aparılıb. Xüsusi memarlıq formasında inşa edilən abidə yaxın günlərdə tam hazır vəziyyətinə gətiriləcək. 

İ.Gülməmmədova daha sonra Saray qəsəbəsində yenidən qurulan Şəhidlər Abidəsinə baş çəkib. Abidəyə tər çiçəklər düzərək şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Bildirilib ki, Saraydakı Şəhidlər abidəsində 18  şəhidimiz dəfn olunub. Onlardan 6-sı II Qarabağ müharibəsində, 12-si isə I Qarabağ Müharibəsi zamanı şəhid olub. 

Burada şəhid ailələri ilə görüşən İ.Gülməmmədova onların problemləri və qayğıları ilə maraqlanıb. 2020-ci ilin torpaqlarımızın işğaldan azad olunması ili kimi tarixə düşdüyünü qeyd edən başçı deyib ki, cari ildə vətəndaşlarımız bir yumruq kimi birləşərək əsl həmrəylik, mübarizlik göstərdilər. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımız torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxdılar və ordumuzun qüdrəti, döyüş ruhu, əzmi, Azərbaycan əsgərinin gücü ilə ərazilərimiz erməni işğalçılarından təmizləndi. Bu böyük qələbənin əldə olunmasında Azərbaycan oğulları canlarından keçdilər. Şəhidlərimizə allahdan rəhmət, qazilərimizə isə şəfa diləyən İ.Gülməmmədova ölkəmizdə dövlət səviyyəqində şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb. 

Şəhid ailələri də cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək igidlərimizin Azərbaycanın azadlığı uğrunda döyüşdüyünü və öz müqəddəs borclarını şərəflə yerinə yetirdiklərini qeyd ediblər. 

Allah rəhmət eləsin.