Ağdaş rayonunda Yeni Azərbaycan Partiyası rayon təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə keçirilən tədbirlər davam edir.

Unikal.org xəbər verir ki, bu gün YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov və bir qrup partiya fəalı Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzmüşlər.

Keçirilən növbəti tədbir ağacəkmə aksiyası olmuşdur. Ölkə Prezidenti, Partiyamızın sədri cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işi Ağdaş rayonunda da uğurla həyata keçirilir.  YAP Ağdaş rayon təşkilatı da müntəzəm olaraq bu işə öz töhfəsini verir. Rayon təşkilatının təşəbbüsü ilə Ağdaş-Ləki avtomobil yolunun 1-2-ci kilometrliyində keçirilən ağacəkmə aksiyasında rayon təşkilatının sədri Cavid Osmanov, Gənclər Birliyinin fəalları və könüllüləri iştirak etmişdir. Ekoloji mühitin sağlamlaşdırılması, ictimaiyyətin diqqətinin ətraf mühitin və yaşıllıq zolaqlarının qorunmasına yönəldilməsi məqsədilə həyata keçirilən aksiyada tuya ağacları əkilmiş, yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir. 

Tədbirlər planına uyğun olaraq rayon təşkilatı tərəfindən bu cür aksiyaların Ağdaş rayonunun ərazisində keçirilməsi davam etdiriləcəkdir.