Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ KA2 “Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisəsi pilot kursları, PICASP” layihəsinin konsorsium üzvlərinin yeni görüşü keçirildi. 

Unikal.org xəbər verir ki, layihənin koordinatoru olan İtaliyanın D’Annuntsio Kyeti-Peskara Universitetinin təşkilatçılığı ilə baş tutan görüşdə ATMU-nun sözügedən layihədə universiteti təmsil edən əməkdaşları iştirak ediblər.

Tədbirdə universitet-sənaye əməkdaşlığı, bu sahədə qazanılan təcrübələr, bakalavriatura və magistratura pillələrində Azərbaycan, Rusiya və Qazaxıstandan olan tərəfdaş universitetlərdə açıq ödənişsiz onlayn kursların (MOOCs) yaradılması imkanları kimi məsələlər müzakirə olundu.

PICASP layihəsinin ATMU üzrə koordinatoru, universitetin Elm və innovasiya şöbəsinin “Elmi innovasiya” bölməsinin rəhbəri Faina Qaçabəyova öz təqdimatında universitetin adıkeçən layihə çərçivəsində həyata keçirilən fəaliyyətləri haqqında layihə üzrə tərəfdaş ali təhsil müəssisələri məlumatlandırdı. 

Görüşün sonunda həmçinin layihə çərçivəsində görüləcək işlər müzakirə olundu və müvafiq təkliflər dinlənildi.