Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 31-ci iclası çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorları arasında üçtərəfli görüş keçirilmişdir.

Unikal.org xəbər verir ki, görüşdə üçtərəfli formatın səmərəliliyi qeyd edilərək son 9 ay ərzində Qarabağda qanunun aliliyinin və hüquq qaydasının möhkəmləndirilməsi məqsədilə tərəflərin gördüyü işlər müsbət dəyərləndirilmişdir. 

Qarabağda yerləşən Rusiya Sülhməramlı Qüvvələrinə təhkim olunmuş Baş Hərbi Prokurorluğunun nümayəndələri ilə əlaqəli şəkildə törədilmiş hüquqpozmalara dair məlumatların mübadiləsi, habelə həmin məlumatlar üzrə müvafiq tədbirlərin görülməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilmişdir.  

Kamran Əliyev 44 günlük Vətən müharibəsindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini qeyd etmişdir.

Mina xəritələrinin verilməsinin  insanların həyat və sağlamlığının qorunmasında  əhəmiyyəti diqqətə çatdırılmış və bu sahədə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.

Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata tam şəkildə riayət olunduğu bildirilmişdir.

Rusiyanın Baş prokuroru İqor Krasnov Azərbaycan və Ermənistandan olan həmkarlarına bölgə xalqlarının rifahı naminə sülh və sabitliyə nail olmağa yönəlmiş konstruktiv qarşılıqlı əməkdaşlıq və səylərinə görə təşəkkür etmişdir.

Görüşdə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir. 

Tərəflər gələcəkdə gərginliyə səbəb olan halların qarşısının alınması üçün əlaqələrin gücləndirilməsi ilə bağlı razılaşmanı bir daha dəstəkləmişlər.