Bakı şəhərinin Xətai prospekti, 40A ünvanında yaşayan bir qrup bina sakini “Bəm-Bəyaz” MTK-dan “Unikal”a şikayət ediblər.

Sakinlər şikayətində bildiriblər ki, binanın tikintisinə 2005-ci ildə başlanılıb və 2009-cu ildə başa çatıb. Bu bina sakinlərin vəsaiti hesabına tikilib. 

"2010-cu ildən başlayaraq sakinlər binaya köçməyə başlayıb. 2015-ci ildə mənzil dövlət qəbul aktı ilə qeydiyyata götürülüb və bina sakinlərinə çıxarışlar verilib. O vaxtdan bu günə kimi “Bəm-Bəyaz” Mənzil Tikinti Kooperativi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasına imkan vermirdi. 2021-ci ilin may ayında binanın sakinləri tərəfindən ümumi yığıncaq keçirildi, idarə heyəti yaradıldı, Mənzil Məcəlləsinə uyğun olaraq idarəedici şirkətlə müqavilə imzalandı.Bütün bina sakinləri də müqavilə imzaladığımız şirkətdən razılığını bildirir. “Bəm-Bəyaz” MTK bir müddət  idarəedici şirkətin fəaliyyət göstərməsi üçün kiçik bir otaq ayırdı. Bu şirkətlə aylığı 400 manata icarə haqqı müqaviləsi bağladılar. Həmin şirkət 5 ay orada fəaliyyət göstərdikdən sonra, dedilər ki, siz ancaq sakinlərin dediklərini edirsiz, bizim dediklərimizi etmirsiniz, buna görə də sizi çıxarırıq. Həmin şirkət 3 aydan bir hesabat verir ki, nə qədər vəsait toplanıb və hara xərclənib. Amma “Bəm-Bəyaz” MTK-nın vaxtında, yığılan vəsaitin hara xərclənməsi ilə bağlı heç bir zaman hesabat verilməyib. Dəfələrlə sakinləri məhkəməyə veriblər və bu məhkəmə işlərinin hər biri vətəndaşların xeyrinə bitib.

Noyabrın 20-dən müqavilə imzaladığımız şirkəti binadan çıxarıblar. Bina sakinləri olaraq öz vəsaitimiz hesabına yüngül konstruksiyalı butka sifariş etdik ki, həyətdə yerləşdirək, müqavilə imzaladığımız şirkət orada fəaliyyətini davam etdirsin. Onu gətirdik, həyətə buraxmadılar. İkinci dəfə gətirib qoyduqdan sonra Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Anar Məmmədovun göstərişi ilə polis əməkdaşları tərəfindən həmin ərazidən götürüldü. Bina sakinlərinin öz vəsaiti hesabına aldığı mülkiyyəti binanın həyətinə qoymağa imkan vermirlər".

Sakinlər onu da qeyd edir ki, “İnturavto” ASC-nin sədri 2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə çoxmənzilli binanın tikilməsi üçün müraciət edib. 

"Elə həmin il binanın tikilməsi üçün sərəncam verilib. Orada göstərilib ki, “İnturavto” ASC-yə məxsus 3000,0 kv.m qeyri-yaşayış sahəsi öz hesabına sökülsün və yerində çoxmənzilli bina inşa edilsin. Orada qeyd olunub ki, torpaq dövlət kadastr qeydiyyatında olduğu üçün (dövlət torpağı olduğuna görə) Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə icra müqaviləsi bağlanılsın. 5419,5 kv.m. qeyri-yaşayış sahəsinin 3000,0 kv.m. hissəsində yaşayış binası tikilməli idi. Həmin tikilinin bir hissəsi sökülüb və bina tikilib. 2021-ci ildə torpaq “İnturavto” ASC tərəfindən özəlləşdirilib. Mənzil Məcəlləsinin 35-ci maddəsində göstərilir ki, binanın ərazisində yerləşən torpaq sahəsi yalnız bina sakinlərinin ümumi yığıncağının razılığı ilə özəlləşdirilə, icarəyə verilə və ya tikinti işləri aparıla bilər. Bu illər ərzində torpaq zəbt olunub və indi isə özəlləşdirilib. Texniki pasportda da göstərilir ki, onların torpaq sahəsi olmayıb. Sərəncamda o, da qeyd olunub ki, torpaq dövlətindir. Hazırda bina sakinləri olaraq torpaqla əlaqədar olaraq inzibati məhkəmədə iddia qaldırmışıq. Bakı şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və “İnturavto” ASC-ni məhkəməyə vermişik. Bilmək istəyirik ki, bizim torpaq sahəsinin koordinantları haradır? Məhkəmə işi hazırda davam edir". 

Sakinlər onu da qeyd edib ki, çoxmənzilli binanın tikintisi üçün ayrılmış torpaq sahəsinin (bina zəbt olunmuş ümumi istifadədə olan dövlət torpağında tikilib) və binanın qarşısında qalan digər ümumi istifadədə olan dövlət torpağının qeyri-qanuni satın alınmasından istifadə edən “İnturavto” ASC-nin rəhbərliyi (MTK-nın və ASC-nin sədri eyni şəxs olub) tərəfindən binanın həyətinə girişdə maneə (şlaqbaum) quraşdırılaraq sakinlərin 100-dək avtomobili binanın həyətinə aylıq 50 manat ödəniş müqabilində buraxılır. Qanunsuz olduğuna görə aylıq ödənişi etməyən onlarla kooperativ üzvünün avtomobili isə xəstələr, qocalar, qadınlar, uşaqlar nəzərə alınmadan binanın həyətinə buraxılmayır.

Bina sakinləri ümumi istifadədə olan torpaq sahəsinin zəbt olunması ilə bağlı çox vacib olan bir məsələni də nəzərə çatdırmaq istəyirlər:

"Bizim bina nəqliyyət vasitələrinin çox intensiv hərəkəti olan yol qovşağının kənarında yerləşir. Yaxın vaxtlaradək binanın yanından keçən avtomobil yolunun kənarı ilə piyada yolu da var idi. Bina ilə qonşuluqda yerləşən “İnturavto” ASC tərəfindən həmin piyada yolu da zəbt edilərək ora ağaclar əkildi və cəmiyyətin torpaqlarına qatıldı. Nəticədə, həmin yol ilə hərəkət edən sakinlərin hərəkəti üçün də ciddi təhlükə yaradıldı. Belə ki, hal-hazırda insanlar həyatlarını təhlükəyə ataraq intensiv hərəkət olan avtomobil yolunun içi ilə hərəkət etmək məcburiyyətində qalmışlar. Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülməli və əvvəllər mövcud olmuş piyada yolu bərpa olunmalıdır.

Sakinlər  onu da qeyd edir ki, Heydər Əliyev Mərkəzinin açılışı zamanı “İnturavto” ASC-nin 2400 kv.m.qeyri-yaşayış sahəsi sökülüb və səhdmarlara təzminat ödənilib:

"Belə ki, qeyd olunan yer sökülüb və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən səhmdarlara 5 milyon manata yaxın vəsait ödənilib. Həmin vəsaitdən səhmdarlara bir manat da olsun vəsait verilməyib. Nəzərdə tutulan hissə söküldükdən sonra həmin yerdə ofis və restoran tikiblər. Bu da qanun pozuntusudur. Həyətdəki restoran sakinlərin asudə vaxtını keçirməsinə mane olur. Bəzən orada xoşagəlməz hallar da yaşanır. Çoxmənzilli binanın qarşısında restoranın olması yolverilməzdir".

Anar Kəlbiyev