Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun növbəti görüşü keçirilib.

"Unikal" xəbər verir ki, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Keşlə"ni qəbul edib. Baş hakim Fərid Hacıyevin idarə etdiyi oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İlk qolu 32-ci dəqiqədə "Keşlə"nin futbolçusu Merab Giqauri vurub. Gürcüstanlı yarımmüdafiəçi baxımlı qolla keçmiş komandasını məyus edib. Fasilədən dərhal sonra meydana daxil olan Omar Hani isə 47-ci dəqiqədə tarazlığı bərpa edib.

51-ci dəqiqədə qonaqlar azlıqda qalıb. Tərlan Quliyev top uğrunda mübarizə zamanı "Qəbələ"nin legioneri Rafael Utziqi vurmağa cəhd etdiyi üçün birbaşa qırmızı vərəqə alıb.

Lakin meydan sahibləri say üstünlüyündən yararlana bilməyib. Beləliklə, tərəflər hərəyə 1 xalla kifayətlənməli olub.

Bu nəticədən sonra xalını 34-ə çatdıran "Qəbələ" 4-cü, 20 xala malik "Keşlə" 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" evdə "Səbail"ə 5:1, "Sabah" səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib. Tura bu gün saat 17:15-də başlanacaq "Neftçi" - "Zirə" matçı ilə yekun vurulacaq.