Aprelin 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və “Maqnat” İntellektual Oyunlar Klubunun (İOK) təşkilatçılığı ilə klubun 15 illiyinə həsr olunmuş “Maqnat-15” adlı daxili “Brain ring” intellektual yarışı keçirilib.

"Unikal" xəbər verir ki, yarışda ADNSU-nun 7 fakültəsi, BBA, ZU və SABAH qruplarından, eləcə də Azərbaycan-Fransız Universitetindən (UFAZ) ümumilikdə 12 komanda iştirak edib.
Yarışda “Maqnat” İOK-un 15 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. ADNSU məzunları və “Maqnat” klubunun keçmiş üzvləri çıxış edərək, yarışlarla bağlı xatirələrini bölüşüb, tələbələrin asudə vaxtlarının səmərəli təşkilində intellektual oyunların əhəmiyyətindən danışıblar.

Azİİ məzunu, Televiziya və radio məkanında intellektual oyunların aparıcısı Məmmədəli Məmmədov (DJ Fateh) çıxışında gənclərin dünyagörüşlərini və intellektual səviyyələrini yüksək qiymətləndirərək, təhsil aldığı illərdə universitetdə belə bir intellektual oyunların olmadığını təsəəsüf hissi ilə qeyd edib. O, bu gün ölkədə, o cümlədən ADNSU-da gənclərin inkişafı üçün hər bir şəraitin olduğunu vurğulayıb.

Gərgin keçən bilik mübarizəsində ADNSU-nun Informasiya Texnologiyaları və İdarəetmə fakültəsi (İTİF) yarışın qalibi olub. Universitetin Kimya Texnologiya fakültəsi (KTF) 2-ci, İqtisadiyyat və menecment fakültəsi (İMF) isə 3-cü yeri tutub.

Tədbirdə iştirak edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı gənclərin bu cür bilik yarışlarında iştirakını yüksək qiymətləndirib və yubiley münasibətilə klub üzvlərini, həmçinin yarışın qaliblərini təbrik edib, onlara uğurlar diləyib.  

Sonda yarışın qalibləri  mükafatlandırılıb, hədiyyələr və kubok təqdim olunub.