Polşa prezidenti Anjey Duda rus işğalçılarının Ukraynadakı cinayətləri ilə bağlı açıqlama verib.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Duda  açıqlamasında Ukraynadakı müharibəni "terror" olduğunu bildirib.  

Dudanın sözlərinə görə, Rusiyanın işğalı səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan 2,5 milyondan çox ukraynalı artıq Polşaya gəlib.

O,  həmçinin Ukrayna liderinin əlini sıxaraq Kiyevə prezident yoldaşları ilə gəldiyini vurğulayıb.

"Biz qəhrəmanlığına, vətənləri uğrunda hər gün canlarını verən bütün ukraynalı əsgərlərə heyranıq", - Polşa Prezidenti deyib.

Duda qeyd edib ki, Kiyev vilayətinin işğaldan azad edilmiş yaşayış məntəqələrinə səfəri zamanı bu müharibənin iki üzünü görüb. Birincisi, müharibənin bütün qaydalarına və prinsiplərinə riayət edərək rus işğalçılarına qarşı vuruşan Ukrayna hərbçiləridir.

"Başa düşmək çətin olan bu müharibənin ikinci üzünü gördük... Bu, bombardman edilən yaşayış məntəqələri, dağıdılmış yaşayış binalarıdır. Hərbi obyektlər deyil, sadə insanların yaşadığı adi evlər... Mən televiziyada bu xarabalıqları gördüm və indi mən onları real həyatda gördüm. Buna inanmaq çətindir. Ona görə də mən Zelenskiyə dedim ki, bu, müharibə deyil, terrordur... bu, qəddarlıq və quldurluqdur...”, – deyə o bildirib.

Qeyd edək ki,  ötən gün Litva, Latviya,  Estoniya,  Polşa və  Çexiya dövlətlərinin liderləri  Kiyevə  səfər edib, ölkə rəhbəri  Zelenski  ilə görüşüblər. 

Aynurə Xudaverdiyeva