"İlham Əliyev 2003-cü ildə ən birinci çıxışında dedi ki, mən and içirəm ki, Qarabağı azad edəcəyəm". 

Bunu gənclərlə görüşündə "Unikal"ın müxbirinin sualına cavabında Azərbaycan Respublikasının ilk baş naziri olmuş Həsən Həsənov deyib.

O, ölkə liderinin ordu quruculuğundan da bəhs edib: "Mən görürdüm ki, İlham Əliyev çox düz yolla gedir. Əfsuslar olsun ki, guya hökumətə müxalif şəkildə çıxış edənlər, əslində, dövlətçiliyimizə müxalifətçilik edirlər. Çalışırdılar ki, İlham Əliyevin irəliyə atdığı addımları müxtəlif şəkildə tənqid etsinlər. 

Lakin İlham Əliyev elə bir ordu qurdu ki, elə ordu nə qədimdə, nə orta əsrlərdə, nə də indi var. Onun yaratdığı ordu modelini dünya hələ indi-indi istəyir ki, özü üçün tətbiq etsin. Ukrayna da həmçinin. Çox mürəkkəb strukturlu ordudur. Elə bir ordudur ki, istənilən şəraitdə mübarizə aparması nəzərə alınıb. 

Şuşanı azad edən qazilərimizdən biri dedi ki, biz Himalay dağında məşq keçmişik. Demək, İlham Əliyev 20 il öncə nizamlamışdı ki, ordu Şuşanı ermənilərin ağlına gəlməyən yolla azad edəcək". 

H.Həsənov qeyd etdi ki, ermənilərin 44 günlük müharibədə Azərbaycanın qələbəsinə qarşı iddiaları əsassızdır: "Ermənilər yazırdılar ki, Azərbaycan tərəfi müharibəni məhz Türkiyənin "Bayraktar" PUA-ları hesabına qələbə çaldı. Yaxşı, bəs Şuşada nəinki, "Bayraktar", hətta "Kalaşnikov" belə yox idi. Bizimkilər yumruq və bıçaq hesabına erməniləri Şuşadan yox etdilər. Bəs ermənilər buna nə deyir?"

Ağarza Elçinoğlu