Çinin müdafiə naziri Li Şanqfu ABŞ-ın sabiq dövlət katibi, veteran diplomat Henri Kissincerlə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Çin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Görüş Pekində baş tutub. Ki Şanqfu görüşdə deyib ki, Birləşmiş Ştatlar Çinlə münasibətdə sağlam strateji mühakimə yürütməlidir.

"ABŞ tərəfindəki bəzi insanlar Çin tərəfi ilə eyni istiqamətdə hərəkət edə bilmədilər, nəticədə diplomatik münasibətlər qurulandan bəri Çin-ABŞ münasibətləri aşağı səviyyədə qaldı", - Çin müdafiə naziri qeyd edib.

Kissincer bildirib ki, Birləşmiş Ştatlar və Çin anlaşılmazlıqları aradan qaldırmalı, dinc yanaşı yaşamalı və qarşıdurmadan qaçmalıdır.

"Tarix və praktika davamlı olaraq sübut edib ki, nə ABŞ, nə də Çin bir-birini düşmən kimi qəbul edə bilməz", - Kissincer əlavə edib.

Görüş ABŞ dövlət katibi Antoni Blinken və maliyyə naziri Canet Yellenin Çinə son səfərlərindən sonra baş tutub. Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Vaşinqton Kissincerin Çinə səfərindən xəbərdar olub, lakin o, ABŞ hökuməti adından hərəkət etmir.