Polşada pişiklər arasında quş qripi yayılıb.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Polşa səhiyyə rəsmiləri keçən ay ölkədə qeyri-adi pişik ölümləri barədə məlumat verdikdən sonra 29 pişiyin H5N1 quş qripinə yoluxması aşkarlanıb. 

Xəstəliyə yoluxan heyvanlardan 14-nün evtanaziya edildiyi, 11-nin öldüyü açıqlanıb. Sonuncu ölüm hadisəsi iyunun 30-da qeydə alınıb.

"Hazırda pişiklərin virusa yoluxma mənbəyi məlum deyil və epizootik araşdırmalar davam edir", - ÜST-nin açıqlamasında deyilir.

Bəzi pişiklərdə tənəffüs çətinliyi, qanlı ishal və nevroloji əlamətlər kimi ağır simptomlar, bəzi hallarda isə ölüm müşahidə edilib.

Nuranə Abbasova