Futbolçularımı yaxşı mübarizəyə görə təbrik edirəm. Belə uğurlar onların peşəkarlığını daha da artırır.

"Unikal" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVIII turunda "Kəpəz"ə 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, bu matçın nəticəsi onları arxayınlaşdırmamalıdır: "İlboyu yaxşı formada qalmaq istəyiriksə, daim çalışmalıyıq. Futbol elə bir idman növüdür ki, hər zaman dəyişikliklər olur. Bir il çempion olan komanda, növbəti il buna nail ola bilmir. Biz də uğurlarımızın davamını gətirmək üçün daha məsuliyyətli və diqqətli olmalıyıq".

Baş məşqçi hazırkı heyətin səviyyəsini daha da artırmaq üçün çalışacaqlarını vurğulayıb: "Heyəti qoruyub saxlamaq çətin olur. Düzdür, bəzən futbolçularımızla bağlı elə təkliflər olub ki, biz buna "yox" deyə bilməmişik. İnanıram ki, bu dəfə də düzgün qərarlar verəcəyik".

Q.Qurbanov öncəki görüşlərdə birbaşa qırmızı kart alaraq meydandan qovulan Elvin Cəfərquliyevin hərəkətlərinə münasibət bildirib: "Xoşlamıram ki, kimsə futbolçularımı intizamsızlıqla günahlandırsın. Düzdür, Elvində aqressivlik var. Bu onun yaşından irəli gəlir. Ancaq bu, futboldur. Hər kəs səhv edə bilər. Ona görə oyunçumu günahlandırmaq istəmirəm".

Qeyd edək ki, xallarını 69-a çatdıran Ağdam təmsilçisi sona 8 tur qalmış 11-ci ölkə çempionluğunu rəsmiləşdirib.