Nyu-York şəhər rəhbərliyi şəkil çəkdirərkən hicabları çıxarılmağa məcbur edilən iki müsəlman amerikalı qadına 17,5 milyon dollar təzminat ödəyəcək. 

"Unikal" "Röyters"ə istinadən xəbər verir ki, Cəmilə Klark və Ərva Əziz adlı qadınlar foto çəkilməzdən əvvəl hicablarını çıxartmağa məcbur edilmələri iddiası ilə Manhetten məhkəməsinə müraciət ediblər. 

Onlar polis tərəfindən buna məcbur edildiklərini və bu səbəbdən travma aldıqlarını bildiriblər. 

Məhkəmə onların şikayətini təmin edib və hüquqi ödənişlər çıxıldıqdan sonra qadınlara ümumi 13,1 milyon dollar kompensasiya ödənilməsinə qərar verib.