Tümen vilayətində polis reydlərindən sonra 39 miqrantın Rusiya Federasiyasından çıxarılması barədə qərar qəbul edilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hüquq-mühafizə orqanları tərəfindən miqrasiya qanunvericiliyinə əməl olunmamasının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı 135 qanun pozuntusu müəyyən edilib. Polis Rusiya Qvardiyasının xüsusi təyinatlı qüvvələrinin güc dəstəyi ilə vilayət mərkəzində tikilməkdə olan bir sıra obyektlərə, eləcə də gecə həyatı obyektlərinə baxış keçirib.

Tədbirlər zamanı ölkəyə giriş qaydalarına əməl etməyən və ya olma müddəti başa çatdıqdan sonra ölkədən getməkdən yayınan 44 əcnəbini müəyyən etmək mümkün olub. Daha 20 miqrant patentsiz işləyib, 16 nəfərin isə Rusiyada yaşamaq üçün sənədləri olmayıb.

Rayon məhkəmələri 39 əcnəbinin ölkə hüdudlarından kənara çıxarılması barədə qərar çıxarıb. Həmçinin, əcnəbilərin Rusiya Federasiyası ərazisinə girişini qadağan edən 127 qərar qəbul edilib.