“Mən Azərbaycanda kadr islahatı görməmişəm”
“Mən Azərbaycanda kadr islahatı görməmişəm”


İqbal Ağazadə: “Filmdə bir aktyor dəyişiləndə onda heç nə dəyişilmir”

Son zamanlar Azərbaycanda və geopolitik bölgədə baş verən proseslərlə bağlı suallarımızı Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə cavablandırır.

-Bu günlərdə rezonanslı bir yazı yazmaqla “Milli Şura oyunu”nun detallarını açıqlayıbsınız. Sizcə, bu oyun onları niyə oyundankənar vəziyyətə salıb?
-Adamlar öz oyunlarını oynamayanda və yaxud da rola girərkən rejissor, ya da ssenarist istənilən vaxt oyunçuları, ssenarini dəyişdirə bilir və “Serialın qalan hissəsini bu cür çəkəcəyəm” deyir. Milli Şura orada iştirak edənlərin ssenarisi deyildi. O ssenari yazılmışdı və onda da bu adamlara sadəcə, rol verilmişdi. Və bu adamlar növbəti seriyanın necə çəkiləcəyini bilmirdilər. İndi də senarist növbəti seriyanı təqdim etməyib və bunlar növbəti hissəni çəkmək istəyirlər. Odur ki, hər şey tamamilə başqa cür görünür. Buna görə də davalar başlanıb. Bizim əvvəlcədən də iradımız bu idi ki, “Əzizlərimiz, bu sizin oyununuz deyil, Bunu sadəcə, sizin boyunuza biçiblər. Sizə, sadəcə, rol veriblər”. Ona görə də nəticəsi belə də olmalıydı. Bir-birini təkzib edən fikirlər səsləndirirlər. Bir qismi deyir ki, “Milli Şura Rusiyanın layihəsi deyildi”. O biriləri deyirlər ki, “Biz Rusiyanın projesi olan Milli Şuranı milliləşdirdik”. Əgər bu, milliydisə, nəyini milliləşdirdiniz? Cəmil Həsənlini gətirməklə milliləşdirdiyinizi deyirsiniz. Amma yenə deyirəm, ssenari əvvəldən yazılıbsa, filmdəki bir aktyor belə dəyişiləndə onda heç nə dəyişilmir. İndi baxın ki, bu qədər siyasət ssenarisində bu qədər şeyləri dəyişdirmək nə qədər seçicini itirmək deməkdir. Ona görə də bu, təbii bir proses idi, təəssüf ki, sadəcə, görə bilmirdilər.
-Düşünmürəm ki, İsa Qəmbər və yaxud Əli Kərimli o qədər məlumatsız idilər ki, Milli Şuranın Rusiyanın layihəsi olduğunu bilməyəydilər. Sizə elə gəlmir ki, onlar bu oyuna bilə-bilə girmişdilər?
-Mən heç zaman deməmişəm ki, onlar bilmirdilər. Həmişə demişəm ki, onlar bilirdilər. Sadəcə olaraq, ona görə bu projedə iştirak edirdilər ki, özlərini 2013-cü ildən salamat qurtarmaq istəyirdilər. Çox rahatca istəyirdilər ki, 2013-cü ilin məsuliyyəti bunların üzərində qalmasın. Axı prezidentliyə namizəd olanda öz üzərinə məsuliyyət götürürsən! Seçicilərə, məsləkdaşlarına, partiyadaşlarına, yaxınlarına hesabat verməli olursan ki, mən niyə məğlub oldum və nədən məğlub oldum. Ona görə də bir başqasını məğlubiyyət qurbanı eləyirlər, özləri də məsuliyyətdən kənarda qalırlar. Bununla da yeni bir avantaj əldə eləyirlər. Qəribə də olsa, müsahibələrimin birində demişdim ki, “Kənddə uşaqlar birinci sinifə gedəndə ilk zəng vurularkən dərsdən çıxırlar, özləri gedirlər. Kənddə zəngi eşidirlər, qonşu qonşunun arvadını səsləyir ki, uşaq dərsdən çıxıb, itiniz açıqdırsa, onu ötür”. Bax, bu seçkidə Milli Şura ideyası başqa namizədi “ötürmək üçün” idi. Sonra da hamı oldu qəhrəman.
-Bəs bu nəticəsiz siyasi mübarizə nəyə lazımdır?
-Görünür, adamlar iqtidar ola bilməyəndə özünü müxalifətin iqtidarı etməyə çalışır. Müxalifətdə güc mərkəzi olmağa səy edir. Belələrinə hakimiyyət də ciddi şəkildə kömək edir. Çünki hakimiyyət bu adamlarla qələbənin modelini çox rahatca tapa bilir. Yəni onları asanlıqla məğlub etməyin yollarını gözəl bilir. Uzun illərin zədələnmiş imici, obyektiv və yaxud subyektiv səbəbdən hakimiyyətin cəmiyyətə təlqin etdiyi obraz, 92-93-cü illərin real nəticələri, xaos, qarşıdurma, hərbi qiyam və bunlarn nəticəsində indiki hakimiyyətin sələflərini hakimiyyətə dəvət etmək və hakimiyyəti könüllü təslim etmə, illər boyu aparılan təbliğat. Nəticədə indiki hakimiyyətin qələbə modeli xeyli şəkildə sadələşib. Ona görə də hakimiyyət bunları çox rahat şəkildə məğlub edir. Hərdən eşidirəm ki, bizi də hakimiyyətin projesi adlandırırlar. Biz hakimiyyətin projesi olsaq, bu hakimiyyət çox rahat şəkildə məni liderə çevirə bilər. Üç dəfə AZ.TV-də bizim barəmizdə veriliş getsə ki, bunlar ünsürlərdir, xalqa xidmət etmirlər, düşməndirlər və s. xalq deyəcək ki, elədir. Amma, gör, kimləri irəli verirlər? Çünki belə vəziyyətdə qələbəni təmin etmək çox asandır. Bəzən onlar xarici nümayəndələrlə birlikdə görüşürlər, mən isə tək görüşmüşəm. Milli Məclisə gələndə görmüşəm ki, adamı vətəni satmaqda ittiham edirlər. Soruşmuşam ki, “Nə baş verir?” Deyirlər ki, “Görüşüblər!” Deyirəm ki, “Təkbətək görüşən mənəm, Adam təklikdə və yaxud on nəfərin içində satılmırsa, deməli, sizə onları böyütmək lazımdır. Vəssalam!” Yəni hakimiyyət də bildiyi üçün bu şəkildə təqdim edir. Və siyasi dildə ifadə etsək, müxalifət yükünün bu adamların çiynindən düşməsinə imkan vermirlər. Yük bu adamların çiynində qalır, bu adamları da müəyyən bir yerlərə aparırlar, beynəlxalq aləmə isə bunların verdiyi mesajların fonunda özlərini daha böyük, daha humanist göstərirlər. Açıq deyək ki, Azərbaycan müxalifətinin verdiyi mesajlar bəzən o qədər sərt olur ki, beynəlxalq aləm düşünməyə məcbur olur ki, bunlar gələndə demokratiyanın vəziyyəti necə olacaq? Hakimiyyət altyapıda o qədər məcbur eləyir ki, adamlar çox sərt mesajlar verirlər. Belə təəssürat yaranır ki, bunlar hakmiyyətə gələrkən hər kəs həbsxanada olacaq, indidən kameralarını hazırlasınlar. Onların varidatı əllərindən alınacaq, təhlükəsizliklərinə təminat yoxdur. Qərb də düşünür ki, bu cür hara qədər getmək mümkündür? Və yaxud Ermənistan-Azərbaycan münaqişəsində hakimiyyət o qədər yumşaq görünür, Rusiyameylli görünür ki, müxalifət də mikrofonu əlinə alıb bağırır: “Deyirsiniz ki, torpaqlarımızı Ermənistana verək? Yox, biz verməyəcəyik! Biz sona qədər vuruşacağıq! Müharibə edəcəyik!” Qərb artıq fərtqli şəkildə düşünür. Çünki Güney Qafqaz coğrafiyasının şərtləri başqadır və Qərbin yanaşması da bir başqadır. Hakimiyyət müxalifəti bu müstəvidə də çox rahatca məğlub edə bilir.
-Bəs Azərbaycan cəmiyyəti niyə müxalifətdən bir addım kənarda durur?
-Əslində, uzun illər ərzində hakimiyyətin istəyi bu idi ki, prosesdə xalq deyil, siyasiləşmiş elektorat iştirak etsin. İstənilən dönəmlərdə hakimiyyətin elektoratı müxalifətin elektoratından çox olub. Bu cür şərait yaradılanda isə fərdlər ortaya çıxır. Hökumətin vədi ilə yanaşı real vəzifəsi var. Hakmiyyət xalqı siyasi proseslərdən uzaqlaşdırmağa çalışdı və buna nail oldu. Və ortalıqda qaldı siyasiləşmiş elektorat və partiyaların üzvləri. Belə şəraitdə də hakimiyyət asanlıqla qalib gələ bilir. Xalq isə nəyə görə ortalığa çıxmır? Birincisi, hakimiyyət radikal müstəvi yaradıb və siyasətə qoşulanlar bu müstəvidə əzilirlər. Xalq da əzilmək istəmir. İkincisi, hakimiyyətin yaratdığı radikal müstəvidə siyasiləşmiş elektorat iddiasının arxasınca gedir, seçici isə öz maraqlarının arxasınca. Bəzən seçici siyasi iddianın arxasınca gedərkən daha çox itirir, nəinki öz maraqlarının. Ona görə də məcbur olur ki, siyasi iddianın deyil, öz maraqlarının dalına düşsün və siyasi prosesdən çəkilsin. Üçüncüsü, ortalıqda olan mövcud siyasi qüvvələri hakimiyyət o qədər zədələyib ki, onlara inam da qalmayıb. Ona görə də xalq seyrçidir. Diqqət edin Milli Şuranın namizədinin seçkidən sonra verdiyi müsahibəyə. Deyir ki, “Seçkidə 20% elektorat iştirak edib”. Sual onda deyil ki, bu 20%-lik elektorat kimə səs verib. Sual budur ki, qalan 80% hardadır? Prosesdə niyə iştirak etməyib? Əgər iddia ediriksə ki, bu idarəetmə sistemi yanlışıdr, onda başqa sual yaranır ki, bəs 80% niyə ortalığa çıxmır? Beləliklə də, siyasiləmiş 20% elektoratın beş faizi müxalifətin olur, qalanı da hakimiyyətin. Nəticədə də seçki prosesi bitir. Qərb də, başqa institutlar da, demokratik dünya da Azərbaycanda seçkilərin necə keçirildiyini bilir. Amma iddia olunduğu kimi, seçkilərdə seçicilərin 20%-i iştirak edirsə, bunun 15%-i hakimiyyətin resursuna daxildir. Keçirilən mitinqlər də bunu sübut edir. Ona görə də 15:5 nisbətini 75:5 nisbətinə çevirərkən heç bir fərq alınmır.
-Seçkilərdən sonra 3 nazir postunu itirdi. Son zamanlar nəqliyyat naziri Ziya Məmmədovu mətbuatda sistemli şəkildə hədəfə götürüblər. Sizcə, bu faktları kadr islahatının başlanğıcı saymaq olarmı?
-Mən Azərbaycanda kadr islahatı görməmişəm. Mənim üçün nazirlərin dəyişdirilməsi kadr islahatı deyil. Kadr islahatı, bilirsinizmi, nə zaman baş verir? Əvvəlcə siyasi kurs elan olunur və bu kursa uyğun gəlməyən kadrların dəyişdirilməsi kadr siyasəti hesab edilir. Yoxsa adamlar deyirlər ki, “Biz düz yoldayıq, haqlıyıq və bundan sonra da bu siyasəti davam etdirəcəyik”, onda kadr islahatı baş vermir ki! Onlar bizim əyri gördüyümüz, özlərinin düz hesab etdiyi siyasəti aparana adamların bu və ya digər şəkildə yerlərini dəyişdirirlər. Ona görə də Azərbaycanda kadr islahatı müşahidə olunmur. Olsa-olsa, hakimiyyətin maraqlarına cavab verməyən ayrı-ayrı adamlar vəzifələrindən uzaqlaşdırılır. Bu da olduqca bəsit bir işdir və nəyisə dəyişdirmir. Diqqət etsəniz, iki-üç nazir Heydər Əliyevin dönəmindən qalmadır, qalan hamısı yenidir. Belə çıxır ki, Azərbaycanda hər şey öz qaydasında olmalıydı. Kadr islahatı bu deyil . Toplananların yerini dəyişdirəndə cəm dəyişmir. Deyirdilər ki, prezident seçkilərindən sonra dəyişikliklər olacaq, amma mən deyirdim ki, heç zaman ola bilməz.

(ardı var)

Söhbətləşdi:
Eldəniz Elgün