SON XƏBƏRLƏR
19 Sentyabr 2018
“Mentalitet qızlara mane olur” – Baş məşqçi
MÜSAHİBƏ 16:43 / 16.02.2018
Boks üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisi Elbrus Rzayev qadın boksuçular arasındakı boşluqlardan danışıb.

O, unikal.org-a müsahibəsində boksda qadınların az olmasının səbəbini açıqlayıb:

- Azərbaycan qadınlardan ibarət boks üzrə milli komandada nədənsə gözə dəyən idmançı yoxdur. Bir boşluq var.

- Mən elə deməzdim. Ümumilikdə milli komandada 16-17 xanım idmançı var. Həftədə 5 dəfə məşqlərimiz olur. Yəni komanda var. Sadəcə olaraq Azərbaycanda boksa məşğul olmaq istəyən xanımlar yoxdur. Buna görə respublika çempionatları da keçrilmir.

- Güləş, karate və başqa idman növləri var ki, orada xeyli xanım idmançı var. Bəlkə bununun təbliğatı lazımınca aparılmır?

- Güləş Azərbaycanda dədə-baba idman növüdür. Çoxdan məşhurdur. Ölkəmizdə qızların boksu 2011-2012-ci ildə fəaliyyətə başlayıb.

Gəlin, etiraf edək hər ailə qızını idmana qoymur, boks da onun kimi. Boks daha çətin idman növüdür. Gərək təməldən bünövrəsi qoyulsun, uşaq yaşdan başlasın. Düşünürəm ki uşaqlar arasında qızların boksu da inkişaf etsə 3-4 ilə legionerə ehtiyac olmayacaq. Bununla bağlı kifayət qədər iş görülür, məktəblərə gedilir. Bəzi yeniyetmə qızlarımız var ki, məktəbdə məşq edirlər. Mənimlə də mütəmadi əlaqə saxlayırlar.

- Yəni sizcə bu sırf mentalitetdən irəli gələn bir məsələdir? Mentalitet qızlarımıza və ailələrinə mane olur?

- Bəli, elədir. Azərbaycanda hər adam qızını boksa yazdırmaq istəmir. Boks ən ağır idman növlərindəndir. Düşünürlər ki, qızı aparıb boksa necə qoyum? Bu səbəbdən də çətinlik çəkirik. 10-15 il öncə bizdə də qız boksu olsaydı indi hər şey tam istədiyimiz kimi olardı.

- Əsas milli komandada neçə xanım boksçu var?

- Böyüklərin millisində 11-12 qadın boksçumuz var. Onlar da Avropa və dünya çempionatlarında iştirak etmiş qızlardır. 3 nəfər gənc, 3 nəfər də yeniyetmə komandasında boksçumuz var.
Gənclər və yeniyetmələrdə hamısı yerlidir, böyüklərdə isə cəmi 3 əcnəbi idmançı var.

İndi qarşıdakı yarışlara hazırlaşırıq. Əsas da hazırda qarşımızda yeniyetmə və gənclərin olimpiya oyunları var.

- Yığma komandada əcnəbi boksçu gətirilə bilər?

- Tək Avropa və dünya çempionatı deyil, qarşıda olimpiya və gələn il baş tutacaq Avropa Oyunları da durur. Olimpiya oyunlarına vəsiqə təmin etməliyik. Hansı çəkilər bizdə yoxdursa, o barədə seçim gedəcək. Yəqin ki, federasiya rəhbərinin məsləhətindən sonra baş tutması ehtimalı var.

- Komandanın hazırki durumu sizi qane edir?

- Qane etməsəydi yəqin ki, komandada olmazdıq. Ötən il bizim mötəbər yarışlarımız olmadı. Bu il bizi may ayında Avropa, noyabr ayında isə dünya çempionatı gözləyir. Martın sonu aprelin əvvələri 19-22 yaşlı idmançıların avropa çempionatı var. Qarşıda planlarımız çoxdur.

Aygün İlqarqızı