Yardımlı rayonu, Arvana kəndi ərazisində Sərək yaşayış yerində mövcud olan arxeoloji abidədə qazıntı işlərinin aparıldığı aşkarlanıb.

Bu barədə Unikal.org-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Naməlum şəxslər tərəfindən XII-XVI əsrlərə aid, ölkə əhəmiyyətli, inventar nömrəsi 1213 olan arxeoloji abidədə qanunsuz olaraq qazıntı işləri aparılıb.

Abidə mühafizəçisinin əraziyə gəldiyini görən naməlum şəxslər ərazidən uzaqlaşıblar. Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanlarına məlumat verilib. Müvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır.

Qeyd edək ki, tarixi abidə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunur.