19 Oktyabr 2019
18 Oktyabr 2019
QHT sektorunun problemləri...
QHT sektorunun problemləri... KRİMİNAL 09:52 2015-08-06

QHT sektorunun problemləri...

Vətəndaş cəmiyyətinin inkişafı naminə QHT-lərdə çalışanlar zəhmətləri müqabilində qəpik-quruş alır

Qeyri Hökumət Təşkilatları (QHT) rəhbərlərinin adı gələndə, nədənsə çoxlarının təsəvvüründə özünə qrant hesabına avtomobil, ev-eşik alıb gün-güzəran yaradan şəxslər canlanır. Amma bu bəxtəvərliyi 3-cü sektorda çalışanların heç də hamısına şamil etmək olmaz. Loru dildə desək, QHT-də çalışanların heç də hamısı "bal tutub barmaq yalamır". Çünki bu gün ölkədə ən aşağı əmək haqqı olan sahələrdən biri QHT sektorudur. Ölkədə inflyasiyanın hansı həddə olmasından asılı olmayaraq, bu sektorda çalışanlar layihə başlayandan sona çatanadək gördükləri işin müqabilində dəyişməz məbləğə imza atırlar. Bahalıq şəraitində yeganə qəpik-quruşa işləyənlər əvvəlki kimi yenə də QHT sektorunda çalışanlar olur. Hansı ki, QHT-lərin vətəndaş cəmiyyətinin inkişafında xüsusi rolu var. Ümumiyyətlə QHT-lərdə çalışanların zəhməti kimlər tərəfindən və hansı meyarlara əsasən müəyyənləşdirilir?
Mövzu ilə bağlı apardığımız araşdırma zamanı bu problemi aradan qaldırmağın yollarını da aramağa çalışdıq.
Qrantın yüz "dərdi" varmış
Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, Sahib Məmmədovla söhbət zamanı öyrəndik ki, 3-cü sektorda əmək haqqı, əsasən həyata keçiriləcək layihəyə ayrılan maliyyə vəsaitinə uyğun tənzimlənir: "QHT ofis, texniki avadanlığın alınıb saxlanılmasına, layihənin həyata keçirilməsinə çəkiləcək xərci çıxdıqdan sonra yerdə qalan vəsaiti əmək haqqının ödənilməsinə ayırır. Əmək haqqının məbləği isə layihə həyata keçirilən müddətdə görüləcək işin çəkisinə, vəzifələrə uyğun müəyyənləşdirilir".
S.Məmmədov da bu gün QHT-də çalışanların əmək haqqının çox aşağı olduğunu təsdiqləyir. Səbəbini isə iki əsas amillə izah edir: " QHT onlara ayrılan qrantdan ofis tutur, avadanlıq alır, layihənin icrasına xərcləyir, həmçinin əmək haqqı verir. Halbuki xarici ölkələrin əksəriyyətində QHT-nın ofis və işçilərin əmək haqqı xərcləri ayrıca qarşılanır. Dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına bu xərcləri ödəmək üçün qrantdan əlavə məbləğ ayrılır. Başqa sözlə desək, QHT-nin proqram fəaliyyəti ilə yanaşı instusional fəaliyyəti üçün ayrıca dəstək göstərilir. İnstusional dəstək ofisin, avadanlığın saxlanılması, işçilərin əmək haqqının ödənilməsi və sair məsələləri əhatə edir. Ona görə də xarici ölkələrdə QHT-də çalışanlar stabil və dayanıqlı əmək haqqı alaraq əmək müqaviləsi əsasında fəaliyyət göstərirlər. Onların konkret vəzifələri də var. Bizim ölkədə fəaliyyət göstərən QHT-də çalışanların isə dayanıqlı əmək haqqı yoxdur. Onlara əmək haqqı yalnız proqramlar çərçivəsində gördükləri işə uyğun olaraq verilir. Ona görə də QHT-nin heç birinin daimi işçisi yoxdur. Ölkəmizdə fəaliyyət göstərən QHT-nin yeganə maliyyə mənbəyi donorun layihənin icrasına ayırdığı qrantdır. QHT rəhbəri bütün xərcləri həmin vəsait hesabına ödəyir. Belə halda 3-cü sektorda əmək haqqının aşağı olması təbiidir".

Pulun çoxu sosial
sığortaya,
vergiyə gedir

Digər səbəb isə QHT-lərə ayrılan qrantdan verilən əmək haqqından gəlir vergisi və 22 faizlik məcburi sosial sığortanın ödənilməsidir.
S.Məmmədov deyir ki, heç də böyük olmayan qrantların əmək haqqı fondunun böyük hissəsi məcburi sosial sığortaya ayrılır: "QHT-lərə ayrılan qrantların özləri mahiyyət etibarilə sosial yönümlüdür. Həmin vəsaitdən 22 faiz məcburi sosial sığorta tələb etmək düzgün deyil. Belə halda layihələrə ayrılan qrantın xeyli hissəsi belə ödəmələrə gedir. Ona görə də bəzi QHT-lər məcburiyyət qarşısında əməkhaqqı fondunu azaltmalı olurlar".
Şura üzvü QHT sektorunda əmək haqqının artırılması üçün xarici ölkələrdə olduğu kimi vətəndaş cəmiyyəti institutlarına bəzi ödəmələrdə güzəştlərin tətbiq edilməsini, ayrıca maliyyə ayırmalarının olunmasını vacib sayır. Yalnız bundan sonra o, QHT sektorunda çalışanların əmək haqqının artırılmasını mümkün sayır.
Liqa sədri maaşın azlığı ilə yanaşı, 3-cü sektorda çalışanların əmək qanunvericiliyinin onlara verdiyi bir sıra hüquqlardan da məhrum olduğunu söyləyir: "Bu hal əmək qanunvericiliyinin pozulmasına da yol açır. QHT-lərdə çalışanların çoxu bu gün məzuniyyət haqqından məhrumdurlar. Əmək haqqı fondu olmadığından, QHT-də çalışanlar müvəqqəti əmək qabiliyyətini itirdikdə onlara birinci iki həftənin pulu ödənilmir. Ona görə də bu sahədə çalışanların əmək haqqının artırılması vacibdir".
QHT-lərə əlavə
yardım təklifi

S. Məmmədov deyir ki, donor ancaq layihənin icrasına maliyyə vəsaiti ayırır. Vergi və sosial ödəmələr isə QHT-nin boynuna düşür. Ona görə də həmin xərcləri QHT layihəyə ayrılan vəsaitdən ödəyir. Buna görə də bəzən QHT-lər əmək haqqını aşağı göstərirlər".
Onun sözlərinə görə, bu gün ölkədə vətəndaş cəmiyyəti institutlarının kommersiya strukturları ilə bərabər tutulmasının da vəziyyətə təsir göstərdiyini söyləyir. Onun sözlərinə görə, QHT-lər ofisi kommersiya qurumlarına icarəyə verildiyi kimi, baha qiymətə kirayələyir. Üstəlik kommunal xidmətlərə görə QHT-lərə heç bir güzəşt edilmir. Yaxud dövlət tərəfindən həmin xərcləri ödəmək üçün QHT-lərə heç bir əlavə vəsait ayrılmır. Bu azmış kimi QHT-lər dövlət sifarişlərindən də məhrumdurlar. Nəticədə QHT sektorunda əmək haqqı aşağı olur. Ona görə də bu problemi həll etmək üçün QHT-lərə ofis və əmək haqqı xərclərini ödəmək üçün dövlətdən ayrıca maliyyə ayrılmalıdır".

"QHT xəlbirdən
keçsin, sonra"

Millət vəkili, iqtisadçı Vahid Əhmədov isə hazırki şəraitdə dövlət büdcəsindən QHT-nın əmək haqlarını, ofis və sair xərclərin ödənilməsi üçün ayrıca vəsait ayrılmasını mümkünsüz sayır. Millət vəkili deyir ki, dövlət vətəndaş cəmiyyəti institutlarına kifayət qədər maddi dəstək göstərir. QHT-lər həmin pulla işçilərinin əmək haqqını artıra bilərlər: "Büdcədən QHT-lərin layihələrini maliyyələşdirmək üçün Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına vəsait ayrılır. Qrantdan əlavə dövlətin büdcədən hansısa xərclər üçün ayrıca QHT-lərə vəsait ayırması hələ tezdir. Mənim fikrimcə, bu dəstəyi bütün QHT-yə etmək də düzgün olmaz. Gələcəkdə büdcə böyük olsa, dövlət tərəfindən belə ayırmalar etmək olar. Bu zaman da dövlətçilik maraqlarına xidmət edən, demokratik cəmiyyətin qurulması isqtiqamətində layihə həyata keçirən QHT-lərə üstünlük verilməlidir. Ona görə də QHT-lər bir növ xəlbirdən keçirilməlidir. Buna isə müəyyən zaman lazımdır. Amma yenə də maliyyə məsələsi Azərbaycanın daxili imkanlarından asılıdr. Əgər gələcəkdə belə bir imkan olarsa, QHT-nin bəzi xərcləri dövlət tərəfindən ayrıca qarşılana bilər".
S. Məmmədov həmçinin QHT sektorunda əmək haqqının az olmasının vətəndaşların hüququnun pozulması kimi qiymətləndirir. Onun sözlərinə görə, dövlət 3-cü sektorda çalışan insanların da yaşayışını düşünməlidir: "Bu gün QHT-də çalışanların çoxu minimum əmək haqqı məbləğində maaş alırlar. Ölkədəki bahalaşmaya baxmayaraq QHT-də işləyənlərin əmək haqqı sabit qalır. Ona görə də dövlət bu sahədə çalışan vətəndaşlarını da düşünməli, onların dayanıqlı və orta əmək haqqı almasını təmin etmək üçün ayrıca vəsait ayırmalıdır. Həmçinin həmin vəsaitdən tutulan sosial sığorta haqqı və gəlir vergisini azaltmalıdır. Bu yolla QHT-də çalışanların ən azı orta aylıq əmək haqqı məbləğində maaş almasını təmin etmək olar".
QHT-də "qara mühasibatlıq"
Güzəran Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli isə bu gün QHT sektorunda əmək haqqının hansı həddə olması ilə bağlı qəti fikir söylməyin mümkün olmadığını söyləyir. 3-cü sektor təmsilçisinin sözlərinə görə, QHT-lərin işçilərinə verdikləri əmək haqqı sənəddə göstərilən məbləğdən əksər hallarda kəskin fərqlənir. Q. İbrahimli əmək haqları ilə bağlı QHT-da ikili mühasibatlığın aparıldığını da bildirdi: "Əmək haqqının hansı məbləğdə müəyyənləşdirilməsi donorla razılaşdırılır. Elə donor var ki, korrupsiya halının qarşısını almaq üçün əmək haqqının yüksək olmasını tələb edir. Amma əksər hallarda donorlar maaşın az yazılmasını istəyirlər. Çünki əmək haqqı nə qədər yüksək yazılsa ondan sosial ödəmələr də bir o qədər çox tutulur. Bu gün Azərbaycanda QHT-yə ayrılan qrantdan verilən əmək haqqından gəlir vergisi və sosial sığorta haqqının tutulması QHT işçilərinə az əmək haqqı verməyə məcbur edir. Ona görə də QHT-nin çoxu əmək haqqı əvəzində işçisinə fiziki şəxs kimi xidmət haqqı ödəyir. Bu isə 3-cü sektorda əmək haqqının aşağı olması göstəricisini ortaya çıxarır".
Q.İbrahimlinin sözlərinə görə, bu gün QHT sektorunda ən yüksək əmək haqqını ekspertlər alır. Onların əmək haqqı layihəyə ayrılan maliyyə vəsaitinə və görəcəkləri işin çəkisinə görə 300-500 ABŞ dolları arasında dəyişir. Təşkilat rəhbərlərinin maaşı 200, digər işçilərin əmək haqqı isə 100-150 dollar arasındadır.