Bu gün əməkdar artist Almaz Ələsgərlinin ad günüdür.

Unikal.org xəbər verir ki, 50 yaşı tamam olan müğənni və aktrisa özəl bayramının təəssüratlarını primetime.az-la bölüşüb. 

"Yaşım üstdə yaş gəlir. Vaxt var idi 25 yaşında idim. Bu gün isə 50 yaşım tamam olur və 51-ə qədəm qoyuram. İnana bilmirəm və özümü bu yaşda da hiss etmirəm. Sanki 25 yaşındayam. Ona görə bu gün sevincimin həddi-hüdudu yoxdur". Doğum gününü ailəsi və dostları ilə qeyd edəcək Almaz xanım sözlərinə belə davam edib: 

"Təbii ki, yubileyimi ailəmin və dostlarımın əhatəsində paytaxt restoranlarından birində qeyd edəcəyəm. Amma məclis mediaya qapalı keçiriləcək".

Xatırladaq ki, A.Ələsgərli 1966-cı ilin bu günü paytaxt Bakıda dünyaya gəlib. 1985 - 1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyoru" fakültəsində təhsil alıb. Sonralar o, R.Behbudov adına Mahnı Teatrında və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. 1985-ci ildə A.Ələsgərova "Bakı payızı-85" estrada artistləri müsabiqəsinin diplomantı adına layiq görülüb. 1988-ci ildə "Bakı payızı-88" estrada artistləri müsabiqəsinin laureatı olub. 1999-cu ildə Qırğızıstanın Oş şəhərində keçirilən "Oştun azem tündörü" festivalının qalibi olub. 2000-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Yaxşıların yaxşısı-2000" müstəqil musiqi mükafatı olan "İlin ən yaxşı qadın müğənnisi" adına layiq görülüb. 2007-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti adını alıb.