Meşəbəyini qətlə yetirməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Şaxsaid Sayfronovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Şaxsaid Sayfronov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin yanvarın 10-da, saat 14.00-da Göygöl rayonunun Şəhriyar kəndi yaxınlığında meşədə qətl hadisəsi törədilib. Rayonun Gəncə qəsəbə sakini, 1988-ci il təvəllüdlü Rəşad Əliyevin üzərində 5 bıçaq xəsarəti olan meyiti aşkar olunub. Göygöl rayon Prokurorluğu və Göygöl rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə təqsirli bilinən Şəhriyar kənd sakini Şaxsaid Sayfronov saxlanılıb. Rəşad Əliyev meşə gözətçisinin köməkçisi, Şaxsaid Sayfronov isə meşə brakonyeri olub. Mərhum meşədə qanunsuz ağac kəsilməsinin qarşısını alarkən 5 bıçaq zərbəsi ilə qətlə yetirilib.