İŞİD və digər terrorçu təşkilatların tərkibində döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Zərbəli Abdullazadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror Z.Abdullazadənin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Z. Abdullazadə məhkəmədə son söz deyib. O, Suriyaya döyüşmək üçün yox, yaşamağa getdiyini bildirib.

Hakimlər kollegiyasının hökmünə əsasən , Z. Abdullazadə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, o, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqsirli bilinib. Z. Abdullazadə 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya və İraqa gedib. O, həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən "İslam dövləti (İŞİD)" və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələnib. Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak edib.