Ağsu rayonunda məktəblinin ölümü ilə nəticələnən hadisənin bəzi detalları üzə çıxıb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Əliyev Əli Mehman oğlunun futbol oynayarkən yıxılıb xəsarət aldığı bildirilsə də, sonradan onun hündürlükdən yıxıldığı məlum olub.

Belə ki, saat 17-18 arasında məktəbdə dərsin yekunlaşdığı vaxt uşaqlar stadionda futbol oynamağa başlayıb. Bu zaman 11 yaşlı Əli futbola baxmaq üçün nərdivana bənzəyən idman qurğusuna çıxıb. Futbol oynayan uşaqları izləyərkən o, yıxılıb və başından ağır xəsarət alıb. Başın əzilməsi, sol gicgah sümüyünün sınığı və beyinə qansızma diaqnozu ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına gətirilən uşaq daha sonra Bakıya göndərilib və paytaxtda keçinib.

Əli Əliyevin necə yıxıldığını görən olmayıb.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.