Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul əskinaslarını əldə etmə və satmaqda təqsirləndirilən 58 yaşlı Məhbubə Həsənova və onun qızı 35 yaşlı Sədaqət Həsənovaya hökm oxunub.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun icraatında olan prosesdə hər ikisinə şərti cəza verilib.

İttihama görə, Məhbubə Həsənova saxta pul əldə etmək və onları satmaq üçün qızı Sədaqət Həsənova və onun tanışı Türkiyə vətəndaşı Cahid Akcanla plan qurub. C.Akcan Bakı-İstanbul avtobusu ilə saxta 14 min avronu Sədaqət Həsənovaya göndərib. S.Həsənova saxta pulları satmaq üçün müştəri tapıblar. Lakin onlar elə iş başındaca yaxalanıblar.

S.Həsənova deyib ki, ərəb dilini bildiyi üçün 9 il öncə Türkiyədə tərcüməçi işləyib. 2015-ci ildən sonra Dubaya gedib-gəlməyə başlayıb, həmin vaxt C.Akcanla tanış olub və onunla kəbin kəsiblər.

Ana və qızı cinayət üstündə saxlanılsalar da, həbs edilməyərək sərbəst buraxılıblar.