Xanəndə qızını bıçaqlamaqda təqsirləndirilən Aynurə Rüstəmovanın cinayət işi üzrə məhkəmə iclası davam edib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq élan edilib.

Prokuror ittiham aktını elan edib. A.Rüstəmova özünü təqsirli bildiyini söyləyib. O, sərbəst ifadəsində peşman olduğunu deyib.

A.Rüstəmovanın istintaqa verdiyi ifadəsi elan edilib. O, ifadəsində bildirib ki, həyat yoldaşından ayrı yaşayır: "Xadiməlik edirəm, əziyyətlə uşaqlarımı böyütmüşəm. Böyük qızım mənə qulaq asmırdı. Axşam tərəfi qızım çimərliyə getdi, oradan da gec qayıtdı. Gələn kimi də evin ikinci mərtəbəsinə qalxdı. Onu çağırıb niyə icazəsiz çimərliyə getdiyini və gec gəldiyini soruşdum. Qızım mənə qulaq asmadı və mən onu bıçaqla vurdum".

A.Rüstəmova vurğulayıb ki, cinayət işində zərərçəkmiş qismində adı keçən qızı Cəmalə Həmidova haızrda ölkə xaricindədir: "Qızım işi ilə əlaqədar Türkiyədədir. Bilet problemi yaranıb deyə gələ bilmir. Özü də gəlib məhkəmədə ifadə verəcək və hadisənin necə baş verdiyini danışacaq".

Təqsirləndirilən qadın bıçaqladığı qızının xanəndə olduğunu bildirib.

Qeyd edək ki, A.Rüstəmova ötən ilin yayında qızı Cəmalə Həmidovanı bıçaqlayıb. Buna səbəb qızının ondan icazəsiz çimərliyə getməsi olub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Rüstəmova barəsində həbs qətimlan tədbiri seçilməyib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.