5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şabran rayonu ərazisində, Xəzər dənizinin sahil zolağında adı "Qırmızı kitaba düşmüş Şahin quşunu ovlayan 3 şəxsi saxlayıb. 

Unikal.org-a daxil olan məlumata görə, onlardan Şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, 4 göyərçin quşu və 1 qanadı zədələnmiş Şahin quşu götürülüb.

Ov edən şəxslərin İraq vətəndaşı Taha Vasmi Zaidan Sumaida və 2 nəfər Azərbaycan vətəndaşları olduğu müəyyən edilib.

Faktla bağlı Taha Vasmi Zaidan Sumaida barəsində protokol tərtib edilərək ona inzibati qaydada 3100 manat məbləğində cərimə və ziyan tətbiq olunub. Digər 2 nəfər Azərbaycan vətəndaşı isə sənəd təqdim etmədiklərinə görə, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və məsulliyyətə cəlb edilmələri üçün rayon polis şöbəsinə müraciət olunub.

Qanadı zədələnmiş Şahin quşu reabilitasiya keçməsi üçün Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib, göyərçin quşları isə təbiətə buraxılıb.