Ölkəmizdə 26-30 oktyabr tarixlərində keçirilən beynəlxalq "İnnovasiya həftəsi çərçivəsində təşkil olunan "Hackathon-AzIn 2018 müsabiqəsinin qalibləri müəyyənləşib.

Unikal.org xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom MMC-nin 29-30 oktyabr tarixlərində təşkil etdiyi müsabiqənin qalibləri "Dostlar, "Express və "Ml learning komandaları olub.

Birinci yerin qalibi "Dostlar komandasına 5000 AZN, ikinci yerin qalibi "Express komandasına 3000 AZN, üçüncü yerin qalibi "Ml learning komandasına isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunub. Eyni zamanda qalib komandalar müsabiqənin sponsorları tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

Məlumat üçün bildirək ki, "Hackathon müxtəlif sahələrdən olan proqramçıların hər hansı tapşırığın həlli üçün komanda şəklində bir araya gəlməsidir. Üç mərhələdən ibarət olan "Hackathon müsabiqəsinin birinci mərhələsində iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırıq verilib, ikinci mərhələdə iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyib. Üçüncü mərhələdə isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibləri seçilib.

Qeyd edək ki, "Şəkil tanıma texnologiyası üzrə veb tətbiqetmənin hazırlanması mövzusunu əhatə edən tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının dəstəyi, "Azercell, "Risk, "Bestcomp, "İl Patio və "Huawei şirkətlərinin baş sponsorluğu ilə baş tutub.