“Fulhem”in hücumçusu Abubakar Kamaranın İngiltərə Premyer Liqasının 20-ci turunun “Haddersfild”lə oyununda penaltini boşa verməsi komandanın baş məşqçisi Klaudio Ranyerinin ciddi narazılığına səbəb olub.

Unikal.org-un Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis fransız futbolçunun topu komanda yoldaşı Aleksandr Mitroviçin əlindən alıb, 11 metrlik nöqtəyə yaxınlaşmasını pisləyib. Təcrübəli çalışdırıcı həmin vaxt 23 yaşlı forvardı öldürmək istədiyini bildirib:

“Kamara həm mənə, həm komanda yoldaşlarına, həm də azarkeşlərə hörmətsizlik etdi. “Mançester Yunayted”lə oyunda penaltini Mitroviç yerinə yetirmişdi. Ona görə də topu götürməyi normal idi. Kamaraya 11 metrlik cərimə zərbəsini məhz Aleksandrın yerinə yetirməsini söylədim. Çünki komandanın əsas penalti vuranı odur. Kamaranın etdiklərinə hələ də inana bilmirəm. Həmin vaxt onu öldürmək istəyirdim. Sonra özü ilə danışdım və doğru hərəkət etmədiyini dedim”.

Qeyd edək ki, “Fulhem” “Haddersfild”i 90+1-ci dəqiqədə Mitroviçin qolu ilə məğlub edib.(qol.az)