"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əməvi məscidində namaz qılmaq xülyasına qapılmışdı. Amma onun üçün artıq Hələbdə belə namaz qılmaq çətinləşdi".
Unikal.org xəbər verir ki, Türkiyə prezidentinin əleyhinə yönələn bu sözləri Hizbullah lideri Seyid Həsən Nəsrullah dilə gətirib.
O, Livanın "əl-Səfir" qəzetinə açıqlamasında Hizbullahın yeni savaş strategiyası barədə məlumat verərkən, belə deyib. Nəsrullahın fikrincə, liderlik etdiyi təşkilatın bir gözü güney cəbhəsində, digər gözü isə Hələbdədir. Hələbə bu qədər böyük əhəmiyyət verdiklərinin səbəbinə toxunan Nəsrullah bunu şəhərin Suriya uğrunda döyüşlərdə müəyyənedici xarakteriylə malik olmasıyla əsaslandırıb.
Güneydə də Hizbullahı ciddi təhlükənin gözlədiyini etiraf edən Nəsrullah özəlliklə İsrailin sionist rejimindən gələ biləcək hər cür hücumlara hazır olduqlarını, amma Hələbi heç vaxt ikinci plana atmayacaqlarını deyib. Hizbullah liderinə görə, apardıqları mübarizənin məzhəbçiliklə heç bir əlaqəsi yoxdur: "Bəzi fikirlərin əksinə olaraq, Suriyada sünni-şiə müharibəsi getmir. Bu döyüşlər millətlərin və ölkələrin sərhədlərini rəsmən tanımayan təkfirci qrupların varlığına qarşı yönəlib".