Xəbər verdiyimiz kimi, xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva (“Toppuş bacı”) kimyaterapiyaya başlayıb. Saçlarını kəsdirən aktrisaya həyat yoldaşı Röyal da başını keçəl etməklə dəstək olub. 

Səhhətindəki son vəziyyətlə bağlı Unikal.org-a açıqlama verən Tünzalə Əliyeva xəstəliyin metastaz verdiyini bildirib:

"Kimya aldığım üçün saçım töküldü. Hələ ki, səhhətim yaxşıdır. Amma bilirəm ki, kimya verilirsə, səhhətimdə ciddi problem var. 6 dəfə kimya qəbul edəcəm. Bu proses 21 gündən bir aparılır. Bəzən görürsən qanımda problem olur. Ona görə kimyanı daha gec qəbul edirəm. Yemək yeyə bilmirəm. Qan artırmaq üçün xaricdən gətirilən bahalı dərmanlar qəbul edirəm. Milli Onkologiya Mərkəzində bütün müalicə xərclərim dövlət tərəfindən ödənilir".

Əməkdar artist həyat yoldaşı Röyalın başını keçəl etməklə ona dəstək olmasına da münasibət bildirib:

"Röyalın saçını qırxmağından mənim heç xəbərim olmayıb. Görəndə şoka düşdüm. Çünki mən bilirəm ki, onun üçün saç nə deməkdir. Sonra da mənimlə danışan qayınatam mənə dəstək üçün saçlarını qırxdırdı. Sonra şəklini mənə göndərdi".

Famil Fərhadoğlu