“ASAN xidmət”də işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Nurəddin Quliyev, Zakir Məmmədov, Yasin Məmmədov və Ədalət Zaidovun barələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Sumqayıt Apellyasiya Məhkəmsəinin hakimi Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, N.Quliyevlə Z.Məmmədovun apellyasiya şikayəti qismən təmin edilib.

Belə ki, N.Quliyevin 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası 9 min manat cərimə cəzası ilə əvəz olunub. Onun 11 ay 2 gün həbsdə olduğu müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilib və N.Quliyevin üzərində qəti olaraq 5 min manat cərimə cəzası saxlanılıb. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Z.Məmmədovun 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 9 min manat cərimə cəzası ilə əvəz olunub. Onun 11 ay 1 gün həbsdə olduğu müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilib və N.Quliyevin üzərində qəti olaraq 5 min manat cərimə cəzası saxlanılıb. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsəsən, həmin şəxslər ötən il həbs edilib. Məlum olub ki, N.Quliyev "ASAN xidmət"in Sumqayıt filialında ştatdankənar mütəxəssis işləyib. 

Onların barələrində dələduzluq və rüşvət verməyə təhrik etmə maddələri ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 5 il, Z.Məmmədov 4 il 6 ay, Y.Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Ə.Zaidova isə 1 il müddətinə sınaq müddəti təyin edilməklə şərti cəza verilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.