Bakıda qadını bıçaqla hədələyərək pulunu, qızıllarını ələ keçirən, ona qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən İntiqam Yunusov və onun xalası oğlu Yaqub Məmmədov Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Unikal.org olke.az-a istinadən xəbər verir ki, onların müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Rizvan Səfərovun sədrliyi ilə avqust ayının 28-də keçiriləcək.

İttihama görə, Xətai rayon Polis İdarəsinə müraciət edən, şərti adı N.Z. olan qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat və 10 min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiklərini, habelə idarə etdiyi "Changan" markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İntiqam Yunusov və xalası oğlu, Qax rayon sakini Yaqub Məmmədov saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində hadisə günü qadını izlədiklərini və qadın avtomobildən düşən zaman ona yaxınlaşaraq qeyd olunan cinayəti törətdiklərini bildiriblər.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama), 181.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.