İmişlidə mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Əlizamin Şükürov, Samir İsmayılov, Pərvin Həşimov, Pərviz Hacıyev, Nicat Cəfərov, Elvin Feziyev, Məmməd Abbasov, Anar Cəfərzadə, Elvin İbişov və Elşad Tağıyevin barələrində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Unikal.org xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib, dövlət ittihamçısının apellyasiya protesti isə təmin olunub.

Belə ki, birinci instansiya məhkəməsinin S.İsayev və A.Cəfərzadə ilə bağlı çıxardığı hökm dəyişdirilib.

S.İsayevin 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə qaldırılıb. A.Cəfərzadənin qazancından 15 % dövlət nəfinə tutulmaqla ona 1 il islah işləri cəzası təyin olunub. O, təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli qazancından ilk məblğin dövlət nəfinə tulduğu andan hesablanıb.

İttiham aktına əsasən, Ə.Şükürov 2008-2015-ci illər ərzində İmişli şəhərində yerləşən “Bank Respublika” ASC-nin İmişli filialının direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən yararlanaraq, bankın ona etibar olunmuş külli miqdarda pulunu mənimsəyib. O, 194 885 manat pul vəsaitini özü ilə yaxın, qohumluq, tanışlıq və digər münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına kredit rəsmiləşdirib.

Bundan başqa, Ə.Şükürov həmin bakın İmişli filialının zərgəri vəzifəsində işləmiş P.Hacıyevlə birgə qabaqcadan əlbir olub, ümumilikdə 3 nəfər fiziki şəxsin adına kredit müqavilələri üzrə filialın xəzinəsindən məxaric edilmiş 50 297 manat manat pul vəsaitini adlarına kredit rəsmiləşdirib.

Həmçinin, Ə.Şükürov tanışı, “Turan” futbol klubunun 12 yaşlılardan ibarət komandasının məşqçisi vəzifəsində işləmiş S.İsmayılovun köməkliyi ilə, yəni onun banka gətirdiyi ayrı-ayrı adamların, ümumilikdə 53 nəfər fiziki şəxsin adına olan 56 ədəd kredit qovluğu üzrə filialın xəzinəsindən məxaric edilmiş 454 365 manat pul vəsaitini də mənimsəyiblər.

Ə.Şükürov “Bank Respublika” ASC-nin digər təqsirləndirilən sabiq əməkdaşları ilə birgə bankın külli miqdarda vəsaətini mənimsəmə yolu ilə ələ keçiriblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Şükürov 7 il, S.İsmayılov 2 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslərə isə şərti cəza verilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.

Əli Osmanov