"Hər iki komanda üçün vacib oyun olacaq. Rəqibin hələ də şansları qalır. Biz isə yüksəlişi davam etdirmək istəyirik. Uels və Xorvatiyaya qarşı yaxşı oynamışdıq. Bəhreyni isə isti hava şəraitinə rəğmən, yenmişik. Üç cəzalı oyunçumuz, bəzi zədəlilərimiz var. Buna baxmayaraq, komandamızdan yaxşı oyun gözləyirik. Xorvatiyaya 0:3 hesablı məğlubiyyətlərinin fərdi səhvlərdən qaynaqlandığını düşünürəm. Onların öz meydanlarında gözəl oynayacaqlarını düşünürəm".

Unikal.org xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç səfərdə Macarıstan yığmasına qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan öncə mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, ardıcıl qollar vurmaları yaxşı haldır. O, Macarıstanla şəxsi oyunlardakı mənfi statistikaya son qoymağa çalışacaqlarını diqqətə çatdırıb: "Açığı, uğurlu nəticə təqdirində buradan özümlə nə aparmaq haqda düşünməmişəm. Ola bilsin, hər hansı suvenir və ya Macarıstan şərabı götürmək olar".

53 yaşlı baş məşqçi Mahir Emreli kimi hücumçusuz gəldiklərinə diqqət çəkərək, Ağabala Ramazanovun da özünü yaxşı tərəfdən göstərəcəyinə ümidvar olduğunu söyləyib: "Ümid edirəm ki, rəqib baş məşqçi Marko Rossinin sadaladığı yaxşı oyunçularımız siyahısına Ramazanov da qoşulacaq".

Yurçeviç Bəhreynlə qarşılaşmada zədə üzündən forma geyinməyən Qara Qarayevin hazırda vəziyyətinin yaxşı olduğunu və komandanı kapitan kimi meydana çıxaracağını əlavə edib. O, xəstəliyi ilə əlaqədar yoldaşlıq görüşündə çıxış etməmiş Pavel Paşayevin də hazıda formada olduğunu vurğulayıb.

Qeyd edək ki, oktyabrın 13-də "Groupama Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.