Ötən gün axşam saatlarında  FHN-nin "112" qaynar telefon xəttinə Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş Kərimova Alamə Tələt qızının, Ələsgərova İlahə Əlövsət qızının və Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub. 

Unikal.org Cenub.az saytına istinadən xəbər verir ki, 10, 14 və 16 yaşı olan bu qızlar Bakıda yaşayan, Şərəfə kəndindən olan şəxslərin övladlarıdır və kəndə qonaq gəliblər. Axşam saatlarında həmin qızlar Bakıya qayıtmağa qərar veriblər. Onların qonaq qaldığı yer Ələt-Astara yolunun yaxınlığında yerləşib. Qızlar yola çıxaraq Bakı istiqamətinə gedən bir "KamAZ" maşınına miniblər. Axtarışlar nəticəsində yük maşını Bakıya yaxınlaşarkən qızlar həmin maşında aşkarlanıb və valideynlərinə qaytarılıb. 

*** 00.26

Masallı rayonunda üç qız itkin düşüb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumatda deyilir ki, 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Hazırda FHN-in Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri  tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.