Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın səsləndirdiyi fikirlərə münasibət bildirib.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, bu gün keçirilən mətbuat konfransında çıxış edən Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 2016-cı ilin aprel döyüşləri barədə danışarkən guya Azərbaycan Ordusunun tərkibində Türkiyə və İsraildən hərbi təlimatçıların olması haqqında sərsəm fikir səsləndirib:

“Bəllidir ki, məhz Ermənistan silahlı qüvvələrində hərbi xidmətə çağırışçı və səfərbərlik ehtiyatlarının çatışmazlığı səbəbindən xarici ölkələrdən gətirilən muzdluların istifadə edilməsi praktikası geniş tətbiq olunur.

Aprel döyüşlərindən aldığı zərbənin təsirindən 4 il sonra qismən özünə gələn Serj Sarkisyan bəraət qazanmaq üçün bu cür cəfəng fikirlər səsləndirməsi heç də təəccüblü deyil. Belə ki, bir tərəfdən Ermənistan ordusunun həmin döyüşlərdəki məğlubiyyətinin fəsadları, digər tərəfdən isə parlament komissiyasının bu uğursuzluqların səbəb və səbəbkarlarını müəyyən edərək onlara ağır cəza vermək çağırışı Serj Sarkisyanı belə bir addım atmağa məcbur edib.

Bildiririk ki, bu gün Azərbaycan Ordusu ölkəmizdə və dünyanın ən nüfuzlu hərbi təhsil müəssisələrində ixtisaslaşmış peşəkar hərbi qulluqçularla komplektləşdirilmiş və arsenalında ən müasir silah-sursat, hərbi texnikası olan ordudur.

Serj Sarkisyanın səsləndirdiyi yalan və gülünc fikirlər onun öz tərəfdaşları, erməni ictimaiyyəti qarşısında itən nüfuzunu bərpa etməyə, xüsusilə də parlament komissiyasının qəbul edəcəyi qərarlara təsir etməyə yönələn uğursuz cəhddir. Erməni xalqı bilməlidir ki, Ermənistan ordusunun Aprel döyüşlərindəki alçaldıcı məğlubiyyətinin günahkarı məhz Serj Sarkisyan və onun hərbi-siyasi rejimi olub.

Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın hazırkı hakimiyyətinin törətdiyi hərbi avantüranın qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu bundan sonra da düşmənin istənilən təxribatlarının qarşısını almağa qadirdir”.