“Karantin qaydaları hərkəs üçündür! Kasıb, varlı, müəllim, deputat, həkim, iqtidar, müxalifət, taksi sürücüsü! Fərqi yoxdur! Hüquq-mühafizə orqanları karantin qaydasını pozur deyə bir vətəndaşı cərimələyib, digərini cərimələməyə bilməz!”

Unikal.org xəbər verir ki, belə bir bəyanatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov özünün “facebook” sosial şəbəkə hesabından edib.

Deputat vurğulayıb ki, bu gün isə karantin qaydalarını pozan bəzi tanınmış şəxslər cərimələnirsə, hətta inzibati qaydada həbs edilirsə, bu, hər kəs üçün ciddi dərs olmalıdır. 

“Toy qadağası davam edir və bu hərkəs üçün belədir! Baş verənlər, dövlətimiz, hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlərin görüldüyünü və heç kəsə xüsusi imtiyaz verilmədiyini və verilməyəciyini bir daha göstərir.

Bəlkə də artıq bu kimi hadisələrə cəmiyyət olaraq təəcüblənməməyi öyrənməyə başlamalıyıq. Hər kəs qanun qarşısında bərabər olmalıdır. Doğru olan da budur!” – deyə millət vəkili bildirib.