Hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyası oktyabr ayında keçiriləcək parlament seçkilərinə majoritar namizədlərini təqdim edib. 

Unikal.org-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Qardabani və Marneulidən namizəd Zaur Darğallının təqdimatı zamanı ölkənin baş naziri Georgi Qaxaria, parlament spikeri Arçil Talakvadze və partiya siyasi şurasının üzvü Kaxa Kaladze iştirak ediblər. Onlar çıxışlarında bölgədə həyata keçirilən iri miqyaslı layihələrdən danışaraq mövcud problemlərin həlli istiqamətində hazırlanmış iş planı ilə əhaliyi tanış ediblər.

Namizədi təqdim edərkən rəhbər şəxslər Zaur Darğallı haqqında müsbət fikirlər söyləyərək onun layiqli namizəd olacağından və xalqın səsini layiqli şəkildə təmsil edəcəyindən əmin olduqlarını vurğulayıblar. 

Çıxış edən Gürcüstan Parlamentinə majoritar namizəd Zaur Darğallı xalqa və partiya rəhbərliyinə təşəkkür edib. O qeyd edib ki, son illər ərzində regionda çox mühüm tarixi layihələr həyata keçirilibdir, bir çox illərdir qalan problemlər həll edilibdir. 

Qeyd edək ki, bu günə olan məlumata əsasən Zaur Darğallı hakim partiyanın irəli sürdüyü yeganə azərbaycanlı namizəddir. Bundan öncə Zaur Darğallı bir sıra dövlət işlərində çalışıb, bir ildir ki, Marneuli munisipalitetinin meri vəzifəsində çalışır. Bu vəzifədə çalışdığı dövrdə rayonda irimiqyaslı infrastruktur layihələri, sosial məsələlər və gənclərin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirilibdir. Qaldırılan problemlərin 90% öz həllini tapıbdır. Araşdırmalara əsasən namizədlər arasında ən yüksək seçilmə şansı olan namizəddir.