Milli Məclisə İsmayıllı rayonundan deputat seçilmiş Novruz Aslanov daim seçiciləri ilə görüşlər keçirir, onların müraciətlərinə diqqətlə yanaşır. Pandemiya dövründə ölkədə epidemioloji-sanitar vəziyyət nəzərə alınaraq, deputat seçildiyi İsmayıllı rayon sakinləri ilə onlayn əlaqə saxlamaqla yanaşı, münasib vaxtlarda rayona gedərək öz ofisində seçicilərini qəbul edir.

Unikal.org xəbər verir ki, avqust ayının 27-də Novruz Aslanov İsmayıllı rayonuna növbəti belə səfərini edib. Qəbuldan öncə deputatla görüşə gələn sakinlərə sanitar tələblər barədə məlumat verilib, maskadan və sanitar-gigiyenik məhlullardan istifadənin vacibliyi bildirilib. Bu məqsədlər üçün deputatın ofisində bütün zəruri vasitələr mövcuddur və ehtiyac yarandığı halda qəbula gələn sakinlər belə sanitar-gigiyenik vasitələrlə təmin olunarlar.

Məlumat üçün bildirək ki, qəbulda sakinləri daha çox narahat edən sosial məsələlər barədə müzakirələr aparılıb. Məlum olub ki, sakinlərin əksəriyyəti əlaqədar qurumlara müraciətlərin müvafiq elektron hökumət portalı vasitəsilə edilməsi barədə məlumatları yoxdur və bunu necə etmək lazım olduğunu bilmirlər. Əsas problem də bununla bağlıdır. Deputat bu işdə onlara lazımi dəstəyin verilməsinin vacib olduğunu nəzərə alaraq, rayonda belə təsisatlardan istifadə etməyi bacaran könüllülərin bu işlərdə sakinlərə köməklik etmələri üçün müvafiq tədbirlərin görülməsini öz köməkçilərinə tapşırdı. Yerli aidiyyətı qurumların da bu işlərə dəstək verməsini vacib saydı. 

Bir neçə məsələ ödənişli təhsil alan tələbələrin təhsil haqının ödənilməsində üzləşdiyi çətinliklərlə bağlı olub. Pandemiya dövründə tətbiq olunan məhdudiyyətlərin əmək fəaliyyətinə təsiri səbəbindən bu kimi problemlərlə üzləşən valideynlər deputata müraciət ediblər. Digər qaldırılan məsələlər şəxsi məişət problemləri ilə bağlı olub. Bütün hallarda millət vəkili bu problemlərin həlli üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.   

Məlumat üçün bildirək ki, imkanlar daxilində rayon sakinlərinə davamlı olaraq ərzaq və qeyri-ərzaq məhsulları ilə yardımlar edilir.