Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən 25 QHT-nin sədri ilə görüş keçirib.
Unikal.org xəbər verir ki, görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dolğun və səmərəli şəkildə çatdırılması, milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin təbliği, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq platformalarda ifşa olunması müvafiq dövlət qurumları ilə yanaşı QHT sektoru üçün də prioritet məsələdir. Buna görə də Şura daima QHT-lərin bu istiqamətdə olan təşəbbüs və layihələrini dəstəkləyir. İnanıram ki, Prezidentin köməkçisi - Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bugünkü görüşü beynəlxalq əməkdaşlıq sahəsində çalışan QHT-lərin fəaliyyətini daha da stimullaşdıracaq.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qətiyyətli və milli maraqlarımızı əsas tutan siyasət apardığını bildirib. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə ciddi nüfuza malik olan ölkəyə çevrilib. Hazırda dünyanın 120 ölkəsinin üzv olduğu Qoşulmama Hərəkatına Prezident İlham Əliyevin sədrlik etməsi beynəlxalq aləmin ölkəmizə göstərdiyi yüksək etimadın növbəti təzahürüdür.

Hikmət Hacıyev cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın hücum diplomatiyası siyasəti yürütdüyünü və bütün önəmli beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini müdafiə etdiyini deyib.
Prezidentin köməkçisi bugünkü görüşün əhəmiyyətinə toxunaraq QHT rəhbərlərini dinləmək, onların beynəlxalq əməkdaşlıq istiqamətində fikir və ideyaları, həmçinin, layihə təklifləri ilə yaxından tanış olmaq istədiyini bildirib.

Çıxış edən QHT rəhbərləri QHT-lərlə başlanılan dialoqa və bugünkü görüşə görə Hikmət Hacıyevə təşəkkürlərini bildiriblər. QHT rəhbərləri fəaliyyət göstərdikləri sahə ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov görüşdə çıxış edərək Fondun beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi layihələr və gələcək prioritet istiqamətlər haqqında ətraflı məlumat verib.

Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsinin vacibliyini qeyd edib və əsaslandırılmış təkliflərin nəzərə alınacağını bildirib.