Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərdə təxribatlar törətməsi, yaşayış məskənlərimizi atəşə tutması nəticəsində hərbçilərimiz, eləcə də mülki əhali arasında həlak olanlar və yaralananlar olub. Ermənistanın sivil dəyərlərdən kənar olan hərəkətlərinə qarşı şanlı Azərbaycan ordusu layiqli cavab tədbirləri görüb, düşmənin xeyli sayda canlı qüvvəsini və döyüş texnikasını məhv edib, bir sıra işğal olunmuş ərazilər, strareji əhəmiyyətli yüksəkliklər geri qaytarılıb.

Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə  uğurlu əməliyyatların həyata keçirildiyi bu günlərdə ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, şirkətlər, fərdi vətəndaşlar, qeyri-hökumət təşkilatları orduya dəstək məqsədilə müxtəlif vasitələrlə yardımlar edir.

Unikal.org xəbər verir ki, bununla əlaqədar olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 5 oktyabr tarixli qərarı ilə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 350 min manat vəsait ianə edilib.

Bundan başqa, İcraiyyə Komitəsinin digər qərarı ilə Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 50 min  manat maddi yardım edilib.