“Məlum olduğu kimi, koronavirus infeksiyasının yayılma dairəsi daha da genişlənib. Gündəlik yoluxma rəqəmləri 4 min nəfəri ötüb. Ona görə də diqqətli olmalıyıq”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə səsləndirib. O bildirib ki, artıq hökumət vəziyyətin kritikləşməsini nəzərə alaraq sərtləşmə ilə bağlı qərar qəbul edib:

“Təəssüflə qeyd edirəm ki, artıq dünyada 60 milyondan çox yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan yeni növ koronavirusdan həyatını itirib. Pandemiyanın bu mərhələsində virusa yoluxmanın yüksək həddi müxtəlif ölkələrdə yenidən sərt karantin tədbirlərinin tətbiq olunmasını zəruri edib. Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verilib. Hesab edirəm ki, bu, çox doğru qərardır, çünki bu virusun yoluxma tempini aşağı salmasaq, daha acınacaqli durumla üz-üzə qala bilərik. Əslində, hazırkı vəziyyət də çox ağırdır. Səhiyyə sistemimiz bütün gücünü səfərbər etsə də, ciddi problemlər yaşanmaqdadır. İndi bunun qarşısını almağın yolu dövlətin qoyduğu qaydalara əməl etmək, izolyasiya tədbirlərinə riayət edərək gözəgörünməz düşmənə qarşı birgə mübarizə aparmaqdır”.

Millət vəkili onu da qeyd edib ki, dövlət bu qərarı verməklə yanaşı, sahibkarları da, vətəndaşları da nəzərə alıb: “Nazirlər Kbineti yanında Operativ Qərargahın karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı məlum qərarından sonra 600 min vətəndaşa 190 manatlıq yardımın ediləcəyi bildirildi. Eyni zamanda, sahibkarlara da maliyyə yardımının edilməsi nəzərdə tutulur. Bütün bunlar bir daha onu göstərir ki, dövlət hər zaman vətəndaşının yanındadır. Vətəndaşlarımız da məsuliyyəti dərk edib özlərini, beləliklə də bütün ölkəni, xalqımızı qoruyacaqlar. İnanıram ki, virusa qarşı mübarizəmiz də Qarabağ savaşı kimi qələbə ilə bitəcək”. 

Hüseyn İsgəndərov