Fələstin İraqda yaşayan fələstinlilərlə bağlı rəsmi Bağdaddan dəstək istəyib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin başçısı Mahmud Abbas İraq hökumətinə çağırış edib. Çağırışda Fələstin məsələsinin İraq və bütün ərəb dünyasının vicdan məsələsi olduğu qeyd olunur. İraqda yaşayan fələstin əsilli insanlara qarşı hüquqi baxımdan əcnəbi vətəndaş kimi davranılması qınanıb.

İraq hökumətindən 10 ildən artıq İraqda yaşayan fələstinlilərin İraq vətəndaşları ilə bərabər hüquqlara malik olması ilə bağlı qanun qəbul olunması xahiş olunub. Eləcə də bu insanların İraqda müvəqqəti olduğu və vətənlərinə mütləq dönəcəkləri vurğulanıb.

Qeyd edək ki, İsrail-Fələstin müharibələrində 34 mindən çox fələstinli qaçqın kimi İraqa köç edib. Həmçinin İordaniya, Suriya və Misirdə də fələstinli qaçqınların kompakt məskunlaşdığı məlumdur.