“Dünən axşam hərbi əsirləri və girovları geri almaqla Azərbaycan dövləti bir daha öz vətəndaşlarının qarantı olduğunu bir daha sübut elədi. Bu. Azərbaycan dövlətinin və Ali Baş Komandan cənab İlham Əliyevin gücünün göstəricisidir”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov deyib.

O bildirib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 8-ci bəndinə əsasən Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulmuşdu və bu gerçəkləşdirilir. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq və humanizm prinsiplərinə sadiq qalaraq müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirir:

“Biz bu cür davranışla ermənilərdən fərqli olduğumuzu, humanist, insanpərvər, beynəlxalq hüquqa əməl edən bir dövlət olduğumuzu göstəririk. Artıq beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə əldə olunan razılığa uyğun addımlar atılır. Ən önəmli və sevindirici hadisələrdən biri də 2014-cü ildən erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsidir ki, bu, cəmiyyət tərəfindən də yüksək qiymətləndirilir. Unutmayaq ki, Prezident İlham Əliyev azərbaycanlı əsir və girovların, o cümlədən də Şahbaz Quliyev və Dilqəm Əsgərovun Vətənə qaytarılması məsələsini həmişə diqqətdə saxlayıb və onların qaytarılması üçün əlindən gələni edəcəyini bildirmişdi. Dünən cənab Prezidentin bu vədinin gerçəkləşdiyi gün idi. Azərbaycan dövləti və Prezidenti hər biri vətəndaşın qarantıdır”.

Millət vəkili bir məsələni də xatırladıb ki, bu, birinci hadisə deyil. Bundan əvvəl Ramil Səfərovun, daha sonra Milli Qəhrəmanımız Mübariz İbrahimovun nəşinin geri alınması da Azərbaycan dövlətinin və Prezidetinin hər zaman öz vətəndaşına sahib çıxdığının bariz nümunəsidir.

Murad İbrahimli