Putin Abbas Abbasova "stavka" etdi
Putin Abbas Abbasova "stavka" etdi

Baş nazirin keçmiş müavini prezident seçkilərində "Milyarderlər İttifaqı"nın namizədi olacaq

2013-cü ilin siyasi cəhətdən maraqlı olacağını proqnozlaşdıranlar deyəsən yanılmayıb. Hər halda ilk ongünlüyünü yaşadığımız 2013-cü il başlayandan bir çox ilginc olaylara şahidlik etmişik. Həmin olaylardan biri isə adına şərti olaraq "Milyarderlər İttifaqı" verilmiş Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının (RATİ) Azərbaycan siyasi səhnəsində gözlənilməz parlayışıdır.

Bəzi ekspertlərin Azərbaycan hakimiyyətinə Kremlin sürprizi kimi təqdim etdiyi RATİ-nin qısa müddətli fəaliyyəti belə düşünməyə əsas verir ki, Kreml bu "silah"la nələrəsə nail olmağa çalışır.
Artıq "Milyarderlər İttifaqının" qarşıdan gələn prezident seçkilərində öz namizədi ilə iştirak edəcəyi haqda ehtimallar da özünü doğrultmaqdadır. Xatırladaq ki, hələ bir müddət öncə "Unikal" qəzeti olaraq baş nazirin keçmiş müavini, RATİ-nin rəhbəri Abbas Abbasovun prezidentliyə namizəd olacağını yazmışdıq. Ötən müddət isə bizim bu informasiyamızı təsdiqləməklə yanaşı ortaya digər ilginc faktlar da qoymaqdadır. Bu və digər məqamların aydınlaşmasına keçməzdən öncə isə qısa müddət ərzində proseslərin hansı trayektoriya üzrə inkişaf etməsinə göz atmağa çalışaq.
Yarandığı ilk gündən rəsmi Bakının ayrı-ayrı rəsmiləri tərəfindən böyük etirazlarla qarşılanması da RATİ-nin sıradan bir struktur olmadığını və bunun arxasında məhz Rusiyanın dayandığını düşünmək üçün əsaslar yaradırdı. Belə demək mümkündürsə bununla Kreml Azərbaycan hakimiyyətinə qarşı mübarizəsini açıq müstəvidə həyata keçirir. Bunun səbəblərinə gəlincə isə bir sıra siyasi ekspertlər rəsmi Bakının Putinin yaratmağa cəhd göstərdiyi Avrasiya İttifaqına laqeyd yanaşmasını göstərirlər. Qeyd edək ki, artıq mətbu və siyasi kuluarlarda adına "yeni SSRİ" adı verilmiş Avrasiya İttifaqı Putin üçün olduqca əhəmiyyətlidir və o bu ssenaridə Azərbaycanı da görmək istəyir. Amma rəsmi Bakı çox böyük ustalıqla özünü yeni yaradılan strukturdan kənarda saxlamağı bacarıb. Diqqət yetirmisinizsə, RATİ-nin fəallaşması da məhz bundan sonrakı dövrə təsadüf edir və buradan da aydın görünür ki, əslində "Milyarderlər İttifaqı" Azərbaycan hakimiyyətinə təzyiq vasitəsi kimi düşünülüb. Eyni zamanda Rusiyanı Bakıdan incik salan bir məqamı da unutmaq olmaz və bu Qəbələ RLS-lə bağlı tərəflərin razılığa gələ bilməməsidir. Göründüyü kimi Bakı ilə Moskva arasında narazılıq yaradan kifayət qədər mövzular var və Kreml bütün bunlara hansısa formada cavab verməliydi və onun bu cavabı RATİ formasında oldu.
Bundan sonra RATİ-nin əsas simalarından və sözçülərindən biri olan Rüstəm İbrahimbəyov müsahibələrində açıq şəkildə bildirdi ki, RATİ-nin rəhbəri Abbas Abbasovun eyni zamanda AzərRoos-a sədr postuna gətirilməsini istəyirlər. Bununla bağlı ötən gün yayılmış bir informasiya isə artıq bu istiqamətdəki proseslərin öz finalına doğru irəlilədiyindən xəbər verir. Belə ki, ötən gün Rusiya prezidenti Vladimir Putin Rusiyadakı Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti "AzərRos"un prezidenti Söyün Sadıqovu qəbul edib. Qeyd edək ki, görüş zamanı S. Sadıqov "AzərRos"un prezidenti vəzifəsi üçün Abbas Abbasovun namizədliyi təklifinin olması ilə bağlı Rusiya prezidentini məlumatlandırıb. Məlumat üçün bildirək ki, "AzərRos" Rusiya prezidenti yanında milli-mədəni muxtariyyətlər üzrə xüsusi şuraya daxil olan təşkilatdır. Həmin şura vaxtaşırı olaraq Rusiya prezidentinin rəhbərliyi altında toplaşır və müzakirələr aparır.
S. Sadıqovun özü isə verdiyi son açıqlamasında yeni siyasi partiya yaratmaqla məşğul olduğunu söyləyib: "Rusiya Konstitusiyası "AzərRos" tipli təşkilatların rəhbəri olan şəxslərə siyasi fəaliyyətlə məşğul olmağı qadağan edir. Buna görə də siyasi fəaliyyət göstərə bilmək üçün "AzərRos"un prezidenti vəzifəsindən getdiyimi açıqlamışam. İstefa ərizəmi artıq yazmışam. Qurumun rəyasət heyəti istefa ərizəmə baxacaq. Çox güman ki, yanvarın sonuna, uzağı fevralın 10-a qədər "AzərRos"un qurultayını keçirəcəyik. Belə təklif var ki, "Azərros"un yeni prezidenti Abbas Abbasov olsun. Bu təklifə də müsbət yanaşılır".
Diqqət çəkən məqamlardan biri isə odur ki, Abbas Abbasov eyni zamanda Rusiya Azərbaycan Təşkilatları İttifaqına da sədrliyini davam etdirəcək. Bütün bunlar isə adama böyük siyasi hazırlıqların son mərhələsini xatırladır. Həmin son hazırlıq isə heç şübhəsiz ki, Abbas Abbasovun builki seçkilərdə fəal iştirakını təmin etməkdən ibarətdir. Artıq bununla bağlı ilkin siqnallar verilməkdə, ilkin işartılar görülməkdədir. Bu baxımdan çox da uzaq olmayan yaxın tarixə ekskurs etmək və Rüstəm İbrahimbəyovun bir müddət öncə verdiyi açıqlamalara diqqət kəsilmək vacibdir. Yada salaq ki, R.İbrahimbəyov ölkə mediasına son müsahibələrinin birində "Milyarderlər ittifaqı"nın Ziyalılar Forumunu dəstəklədiyini demişdi. İnformasiyalı qaynaqlar İbrahimbəyovun yaxın çevrəsinə artıq Ziyalılar Forumunun vahid namizədi haqda açıqlama verdiyini bildirir. Həmin namizədin adı isə Abbas Abbasovdur.
Mövzuyla bağlı "Unikal"ı məlumatlandıran mənbənin sözlərinə görə, artıq bununla bağlı RATİ ilə Ziyalılar Forumunun məxfi razılaşması da mövcuddur. Mənbəmiz iddia edir ki, bir müddətdən sonra Ziyalılar Forumu Abbas Abbasovun prezidentliyə namizədliyini rəsmən irəli sürəcək və bunun ardınca da RATİ Ziyalılar Forumunun namizədini (bu halda Abbas Abasovu-red) müdafiə etdiyini bəyan edəcək. Bundan sonra isə Abbas Abbasov ətrafında daha böyük koalisiyanın yaradılması yönündə siyasi fəallığa start veriləcək.
Rusiyanın uzaqgedən planlarına gəlincə isə populyar olan versiya bundan ibarətdir ki, Azərbaycanda Qırğızıstan modelinin - müvəqqəti keçid hökumətinin tətbiqinə çalışırlar. Ona görə də çalışacaqlar ki, Ziyalılar Forumunun namizədini maksimum çox sayda qurumlar və şəxslər dəstəkləsin. Plan isə bundan ibarətdir ki, Abbas Abbasov müxalifətin vahid namizədi kimi ölkəyə qısa müddət rəhbərlik edir və növbəti seçkilərin keçirilməsi üçün şərait yaradır. Bu versiyanı müdafiə edənlər bildirir ki, namizəd olaraq hansısa siyasi partiyanın deyil, ictimai birliyin nümayəndəsinin üzərində də dayanmaq mümkündür.
Bu baxımdan Rüstəm İbrahimbəyovun "vahid namizəd tamamilə üçüncü şəxs də ola bilər" açıqlaması yuxarıdakı plana qulluq edən müddəa kimi diqqətləri cəlb edir. O, verdiyi açıqlamada seçkilərdə vahid namizədlə iştirak etməyi təmin etmək üçün müxalifətin aparıcı partiyaları ilə də danışıqların aparılacağını ifadə etmişdi. Bu arada ölkə mətbuatının belə diqqətə almadığı digər bir açıqlama isə Müsavat başqanı İsa Qəmbərdən gəlmişdi. O, müxalifətin vahid namizəd mövzusuna toxunaraq "nə bilmək olar, bəlkə vahid namizəd məsələsində üçüncü şəxsə güzəştə gedəcəyik" açıqlamasını verərək konkret olaraq kimi nəzərdə tutduğunu deməmişdi.
Göründüyü kimi, Abbas Abbasovun üzərindən olduqca böyük siyasi oyun qurulub və bu oyunun konkret konturları zaman keçdikcə daha aydın görünəcək. Görünür, konturları Kremldə cızılan bu plandan Azərbaycan tərəfi də kifayət qədər məlumatlıdır və onun da "rus oyunu"nu dağıtmaq üçün öz taktikası olacaq. Bu taktikanın nədən ibarət olduğunu təxmin etmək asan olmasa da bir çox məsələlərə yaxın zamanlarda aydınlıq gətiriləcəyi şübhəsizdir. Bizə isə proseslərin sonunu gözləmək qalır.
Orxan Həsənli