"Azərbaycan vətəndaşlarına qarşı cinayətlərin bəyan edilməsini müsbət qiymətləndirirəm. "Human Rights Watch" təşkilatının nümayəndələri Gəncə, Bərdə və Tərtərə gələrək ermənilərin törətdikləri cinayətləri öz gözləri ilə görüblər". 

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə səsləndirib.

Millət vəkili qeyd edib ki, təşkilatın bu addımı təqdirəlayiqdir: "Onlar bu vəhşiliyi görüblər və dinc əhaliyə qarşı olan hərbi cinayətləri qeydə alıblar. Təşkilatın bu addımını müsbət qiymətləndirirəm. Ümumiyyətlə, bunu etməmək olmazdı. Azərbaycan hökuməti onları dəvət etdi və ermənilərin həyata keçirdiyi barbarlıq aktlarını onlara nümayiş etdirdi. Bu proses davam etdirilməlidir. Düşünürəm ki, hələ başlanğıcdır. Ölkəmizə qarşı çoxlu cinayətlər törədilib. Qarabağdakı mədəni irsimiz məhv edilib. Azərbaycanın "Xocalıya ədalət" kampaniyası davam edir. Biz cinayətkarları beynəlxalq tribunallar qarşısına çıxarmağa nail olmalıyıq".

Asim Mollazadə təşkilatın başqa bir hesabatına da toxunub: "1994-cü ildə "Human Rights Watch" təşkilatı başqa bir hesabat da hazırlamışdı. Həmin hesabatda ermənilərin bizim əsirlərin orqanlarını satışa çıxardığı ilə bağlı faktlar yer almışdı. Sonralar bu hesabat sanki yoxa çıxdı. Biz bütün beynəlxalq təşkilatlardan insanlığa qarşı yönəlmiş əməllər törədən cinayətkarların məsuliyyətə cəlb edilməsini tələb etməliyik. Robert Koçaryan, Serj Sarkisyan və digər cinayətkarlar mütləq ədalət mühakiməsi önündə cavab verməlidirlər. Biz bu prosesi davam etdirməliyik".

Coşqun Əli