"Azərbaycan ali baş komandanımız cənab prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədən qalib çıxdı. Rəşadətli ordumuzun döyüş meydanında əldə etdiyi zəfər bizə imkan verdi ki, diplomatik masada da diktə edən tərəf kimi çıxış edək".

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məcisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Naqif Həmzəyev səsləndirib.

Millət vəkili qeyd edib ki, üçtərəfli bəyanat imzalandı: "Bu bəyanatdakı bütün öhdəliklər demək olar ki, Ermənistanın üzərinə düşür. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Prezidentin dediyi kimi, Azərbaycan Ermənistan ordusunun 80 faizini məhv etdi. Zəfər paradında da əldə edilmiş qənimətlərin bir hissəsi nümayiş olundu. Müasir dövrdə çox nadir rast gəlinən bir uğura İlham Əliyev nail ola bildi. Biz qalib ölkə olduq. Hazırda bizi qayıdış proqramını həyata keçirmək məsələsi gözləyir. Cənab İlham Əliyevin göstərişi ilə artıq Şuşaya gedən yolun çəkilməsi, Suqovuşan-Talış istiqamətinə yolun çəkilməsi və Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və bərpası üzrə işlər gedir. Düşünürəm ki, qışdan sonra qayıdış proqramının həyata keçirilməsinin daha da sürətləndirilməsinə şahid olacağıq. Zəfərin 1 illiyinə qədər böyük işlərin şahidi olacağıq. Cənab prezidentin iştirak etdiyi bu gün keçirilmiş MDB dövlət başçılarının sammiti toplantısında da Ermənistanın münaqişəyə görə günahkar olması bir daha səsləndirildi. İlham Əliyev müharibənin əsas səbəbkarının Ermənistan olduğunu vurğuladı".

Naqif Həmzəyev koronavirus pandemiyası ilə bağlı vəziyyətə də toxunub: "2020-ci ilin dünya üzrə pandemiya ilə mübarizə ili olduğunu bilirik. Bütün ölkələr koronavirusla mübarizə aparırı və dünya iqtisadiyyatı bundan böyük zərər görüb. Vaksin problemi də təəssüf ki, hələ tam həll olunmayıb. Vaksin tapılsa da, yekun həllə nail olunmayıb. Pandemiya təhdidi davam etməkdədir. Cənab prezident Azərbaycanın da koronavirusla mübarizədə böyük işlər görməsi üçün lazımi tədbirlərin görülməsini tapşırıb. Həmçinin beynəlxlaq ictimaiyyətə, Qoşulmama Hərəkatına çağırışlar edib. Azərbaycan bu qlobal prosesə öz töhfəsini verməkdədir. 30-a yaxın ölkəyə humanitar yardım edildi. MDB-nin bugünkü sammitində də prezidentimiz koronavirusla mübarizə məsələsinə toxundu və vaksinasiya prosesi barədə danışdı. Düşünürəm ki, ölkəmizdə pandemiya ilə mübarizə nümunəvi şəkildə həyata keçirilir. Çoxlu sayda modul tipli xəstəxanalar tikilib. Bütün bunların sayəsində nəhayət ki, yoluxma sayında azalmalara və sağanların yoluxanları üstələməsinə şahid oluruq. Bu sahədə də həmrəy olacağımız təqdirdə uğur qazanacağıq. Dövlət öz öhdəsinə düşən işləri görür. Vətəndaşlarımız da məsuliyyəti dərk etməli və qoyulan tələblərə riayət etməlidirlər".

Coşqun Əli