Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Unikal.org-un xəbərinə görə, sənəddə birgə media platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılması qeyd edilib.

Bundan əlavə, sənəddə Azərbaycan-Türkiyə media platformasının əhatə dairəsi müəyyənləşib.

Belə ki, tərəflər yaradılacaq birgə media platforması çərçivəsində iki ölkə arasında sağlam media əlaqələri şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçiriləcək:

A. Media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması;

B. İki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması;

C. Beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması;

D. Televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi;

E. Müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması;

F. Peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi;

G. İki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.